2018-05-07
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Ukraynada milli mətbəximiz təqdim olunub

İvano-Frankovsk, 7 may, AZƏRTAC

Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı beynəlxalq festival və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində ölkəmizin zəngin milli mətbəxi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, xarici ölkələrin Ukraynadakı səfirlərinin, İvano-Frankovsk şəhər administrasiyasının rəhbərliyinin və yerli media, şəhər sakinlərinin iştirak etdiyi təqdimatda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, ölkəmizin ən qədim, dadlı və zəngin mətbəxi mövcuddur. Səfirin sözlərinə görə, Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur.

“Azərbaycan xörəkləri daha çox Şərq mətbəxinə yaxındır”, deyə A.Xudiyev əlavə edib.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə geniş məlumat verən səfir vurğulayıb ki, bu, Şərqin ilk demokratik respublikası olub. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.

Yerli sakinlərin və qonaqların rəğbətlə qarşıladığı təqdimatda Azərbaycanın milli mətbəx nümunələri olan dolma, plov, qutab, paxlava və digər məhsullar təqdim olunub.

Təqdimat zamanı sonda Azərbaycan mədəniyyətini Ukraynada fəal təbliğ edən “Qafqaz” ansamblının çıxışı tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

İvan-Frankovsk

növbəti xəbər əvvəlki xəbər