2016-10-24
AZƏRBAYCAN RESPUBLİKASININ UKRAYNADAKI SƏFİRİ AZƏR XUDİYEV İRPEN ŞƏHƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİNDƏ İŞTİRAK EDİB

Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları İrpen şəhər meri Vladimir Karplyukun dəvəti ilə İrpen şəhər gününə həsr olunmuş bayram tədbirlərində iştirak edib. Tədbirdən öncə diplomatlar İrpen şəhərində akademik Zərifə Əliyeva adına Dostluq parkını ziyarət edərək görkəmli oftalmoloqun abidəsi önünə çiçək qoyub, abadlığına daim nəzarət olunan parkın vəziyyəti ilə tanış olublar. Daha sonra diplomatlar Zərifə Əliyeva adına linqvistika təmayüllü 12 saylı orta məktəbi ziyarət ediblər. Məktəb direktoru Valentina Antonenko qonaqları məktəbin nəzdində yaradılan  Zərifə Əliyeva adına xatirə muzeyi ilə tanış edib. Məktəb kollektivinin Naxçıvana səfərlərindən, Şahtaxtı kəndinə baş çəkməklərindən danışıb.  

İrpen şəhər gününə həsr olunmuş tədbirlər şəhər administrasiyasının qarşısında yeni təmir olunmuş mərkəzi meydanın və Taras Şevçenko adına küçənin açılışı ilə başlanıb. Şəhər meri Vladimir Karplyukun, kiyevdə akkreditə olunmuş diplomatik missiyaların, İrpen şəhəri ilə qardaşlaşmış şəhərlərin nümayəndələrinin və şəhər ictimaiyyətinin  iştirakı ilə keçirilmiş təntənəli açılış mərasimində fəxri qonaq kimi çıxış edən Səfir Azər Xudiyev İrpen şəhəri ilə əməkdaşlığa xüsusi diqqət verildiyini, mütəmadi səfərlərin həyata keçirildiyini qeyd etmişdir. O, İrpen şəhərində Azərbaycanın görkəmli oftalmoloqu akademik Zərifə Əliyeva adına park və küçənin, şəhərin ən aparıcı orta məktəbində Zərifə Əliyeva xatirə muzeyinin mövcudluğunun bu sağlam əməkdaşlığın təcəssümü olduğunu vurğulamışdır. Səfir şəhər merinə Azərbaycanla əlaqələrə göstərdiyi diqqətə görə təşəkkürünü bildirmiş və Vladmiri Karplyuka işlərində uğurlar arzulamışdır.

Daha sonra qonaqlar İrpen şəhər gününə həsr olunmuş  təntənəli paradı izləmiş, şəhər meri Vladimir Karplyukun qonaqların şərəfinə verdiyi ziyafətdə iştirak etmişlər. 

növbəti xəbər əvvəlki xəbər