2017-01-19
Petro Poroşenko: Azərbaycan bölgədə Ukraynanın etibarlı dostu və strateji müttəfiqidir

Azərbaycan bölgədə Ukraynanın etibarlı dostu və strateji müttəfiqidir. Bu fikri Ukrayna prezidenti Petro Poroşenko xarici ölkələrin Ukraynadakı səfirləri ilə keçirtdiyi illik ənənəvi görüşü zamanı vurğulayıb.

 

Xarici səfirlərlə keçirilən tədbirdən öncə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə görüşən prezident Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xoş və səmimi salamlarını çatdırmağı xahiş edib. Ukraynanın dövlət başçısı ötən ilin iyul ayında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər çərçivəsində keçirilən görüşlərin yaddaşında ən xoş təəssürat yaratdığını vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə tək Azərbaycanda deyil, ümumiyyətlə, bölgədə həyata keçirilən qlobal social-iqtisadi layihələrin tarixi əhəmiyyətindən söz açaraq, müstəqil Azərbaycan dövlətinin əldə etdiyi nailliyyətlərdən məmnun olduğunu nəzərə çatdırıb. Azərbaycanı bölgədə Ukraynanın ən etibarlı dostu və strateji müttəfiqi adlandıran prezident P. Poroşenko rəsmi Kiyevin hər zaman olduğu kimi Azərbaycanın ərazi bütövlüyünə və haqlı mövqeyinə dəstək verdiyini vurğulayıb.

Azərbaycanla bağlı dediyi isti və səmimi sözlərə görə Ukraynanın dövlət başçısına dərin minnətdarlığını bildirən Azər Xudiyev səfir olaraq Azərbaycan-Ukrayna dostluğunun daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Sonra Ukrayna prezidenti xarici dövlətlərin səfirləri ilə geniş tərkibli görüş keçirib. Görüş zamanı Ukrayna ilə dünyanın müxtəlif ölkələri arasında mövcud olan iqtisadi, siyasi, elmi, mədəni əlaqələrdən bəhs edən prezident P. Poroşenko rəsmi Kiyevin Azərbaycan və Türkiyə ilə qarşılıqlı-faydalı, strateji tərəfdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirib.

 
növbəti xəbər əvvəlki xəbər
bakushop