2017-12-26
Ukrayna telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır və bu istiqamətdə siyasətini davam etdirir.

Bu fikri Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib.

Səfir qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ ki, münaqişə öz ədalətli həllini tapmayıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və bu günə qədər vəziyyət dəyişməz qalıb”, - deyə A.Xudiyev əlavə edib.

Azərbaycan-Ukrayna münasibətlərinə dair jurnalistin sualını cavablandıran səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu il ticarət dövriyyəsi ötən illə müqayisədə artıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirir.

Səfir hesab edir ki, iqtisadi sahədə potensial daha böyükdür, ona görə də hər iki ölkənin iş adamları investisiya yatırımlarını daha da artırmalıdırlar.

növbəti xəbər əvvəlki xəbər