2019-05-13
Kiyevdə ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyevdə Ulu Öndərin adını daşıyan parkda anım tədbiri keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin, Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin, Kiyev Azərbaycanlıları Konqresinin, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin təmsilçiləri, iş adamları, diaspor nümayəndələri, soydaşlarımız Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə Heydər Əliyevin xalqımızın ümummilli lideri olduğunu bir daha nümayiş etdiriblər.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, Ümummilli Lider hələ sağlığında canlı əfsanəyə çevrilib. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə, daha da artır. Səfir qeyd edib ki, ulu öndər Heydər Əliyev XX və XXI əsrin siyasi arenasında fenomenal yaddaşı, dəmir iradəsi, müdrikliyi və uzaqgörənliyi ilə böyük şöhrət qazanmış dahi şəxsiyyətdir.

Daha sonra çıxış edən Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, iş adamı İlqar Abbasov, diaspor fəalı Şakir Yəhyayev vurğulayıblar ki, dünya azərbaycanlılarının vahid dövlətçilik məfkurəsi ətrafında birləşməsində Ulu Öndərin tarixi xidmətləri olub. Qeyd ediblər ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə tarixi qayıdışından sonra böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparmasına çalışıb və öz dühasının gücü ilə bu çətin işin öhdəsindən uğurla gəlib.

Qeyd edək ki, mayın 11-də Kiyevdə ümummilli lider Heydər Əliyevin anadan olması ilə bağlı sayca üçüncü beynəlxalq etno-caz festivalı da keçiriləcək.

növbəti xəbər əvvəlki xəbər