2019-11-15
Dneprdə Azərbaycanın Dövlət Bayrağı Günü və İmadəddin Nəsiminin a650 illik yubileyi ilə bağlı tədbir keçirilib

Ukraynanın Dnepr şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü və mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə Alfreda Nobel adına Universitetin akt zalında keçirilən tədbirdə Xarkov vilayətinin deputatları, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri, yerli KİV-lər iştirak ediblər.

Əvvəlcə Universitetin qarşısında Azərbaycanın üçrəngli bayraqları ilə bəzədilmiş aksiya keçirilib.

Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev universitetdə yaradılan şəraitlə tanış olub, yerli telekanallara Dövlət Bayrağı Günü və Nəsiminin 650 illik yubileyi ilə bağlı dünyada keçirilən tədbirlər barədə müsahibə verib.

Daha sonra Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən səfir A.Xudiyev bildirib ki, Prezident İlham Əliyev xalqımızın mənəvi dəyərlərinə, dövlət rəmzlərinə böyük önəm verir. Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis olunması bunun bariz təsdiqidir. Bu gün paytaxtla yanaşı, regionlarda da müasir bayraq meydanlarının tikilməsi xalqımızın milli qürur mənbəyi – dövlət bayrağımıza olan dərin sevgidən qaynaqlanır. Bundan başqa milli irsimizin qorunması istiqamətində görülən işlər, o cümlədən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi qürurvericidir. A.Xudiyev vurğulayıb ki, Ukraynada da “Nəsimi İli” çərçivəsində səfirliyin təşkilatçılığı ilə Kiyevdə dahi mütəfəkkirin heykəli ucaldılıb, onun adını daşıyan çoxfunksiyalı binanın təməli qoyulub, müxtəlif şəhərlərdə tədbirlər keçirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov çıxışında bildirib ki, artıq illərdir, Dövlət Bayrağı Günü ölkəmizlə yanaşı, Ukraynada da təntənəli şəkildə qeyd edilir. Bayraq günümüzün qeyd edilməsi xalqımızın milli həmrəyliyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır.

Dnepropetrovsk vilayətinin deputatı, həmyerlimiz Qoşqar Muxtarov çıxışında Ukraynanın ən böyük sənaye mərkəzlərindən olan Dneprdə Azərbaycanın Dövlət Bayrağı Gününün və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinin xalqlarımız arasındakı sarsılmaz dostluğun əyani təzahürü olduğunu vurğulayıb. O, bayram münasibətilə dost və qardaş xalqlarımıza sülh və əmin-amanlıq arzulayıb.

Xarkov vilayət deputatı Nikolay Slobodyanyuk, Dnepr şəhərinin Çeçelovsk rayon administrasiyasının rəhbəri Nataliya Keda və digər çıxışçılar iki ölkə arasında tarixi münasibətlərdən bəhs ediblər.

Daha sonra tədbirdə Nəsimi və Dövlət Bayrağımız haqqında qısa film nümayiş etdirilib.

Ukraynanın Xalq artisti Qurban Abbasovun, “Çinar” rəqs qrupunun milli rəqs və mahnı ansambllarının, Azərbaycandan gələn muğam ustadlarımızın ifasında rəngarəng konsert proqramı nümayiş olunub.

növbəti xəbər əvvəlki xəbər