2020-08-27

Ukrayna kitabxanasına Azərbaycanın tanıdılması məqsədilə kitablar hədiyyə edilib

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə çap olunan kitablar Kiyevdə Səməd Vurğun adına kitabxanaya hədiyyə edilib. Bu kitablar Ukraynada fəaliyyət göstərən digər kitabxanalara paylanılacaq.

Kitabxanaya son zamanlar səfirlik tərəfindən Ukrayna dilində çap olunan 14 növdə 500-ə qədər kitab təqdim olunub. Təqdim olunan kitablar arasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və Zaman” üçcildlik və digər kitabları da var. Bundan başqa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin tarixi və milli dəyərlərinə dair kitablar da hədiyyə edilib.

Kitabların təqdimatından öncə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və kitabxananın müdiri Qalina Çebotaryova görkəmli şairimiz Səməd Vurğunun abidəsi önünə tər çiçəklər düzərək, mütəfəkkirin əziz xatirəsini yad ediblər.

Kitabların təqdimatından sonra çıxış edən Elmira Axundova bildirib ki, səfirlik tərəfindən Ukraynada fəaliyyət göstərən kitabxanalara Azərbaycana dair kitabların təqdimatı davam etdiriləcək. Məqsəd, Azərbaycanın tarixi və mədəniyyətini, ölkəmizdəki reallıqları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Ukraynanın geniş oxucu kütləsinə çatdırmaqdır.

“Ey0a Mədətlinin səfir olduğu dövrdə və digər zamanlarda səfirlik tərəfindən Ukrayna dilində kifayət qədər kitablar çap olunub. Biz bu siyasəti davam etdiririk. Yaxın zamanlarda Xocalı soyqırımına dair və “Heydər Əliyev: Şəxsiyyət və Zaman” üçcildlik kitablarının Ukrayna dilinə tərcüməsi başa çatdırılacaq və təqdimatları keçiriləcək”, - deyə səfir əlavə edib.

Kitabxananın 1978-ci ildən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun adını daşıdığını deyən kitabxananın müdiri Qalina Çebotaryova bildirib ki, yaradıldığı vaxtdan bu kitabxana Ukrayna və Azərbaycan mədəniyyətlərini birləşdirən bir vasitə olub. Burada tez-tez Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı əlamətdar hadisələrə həsr edilmiş tədbirlər və görüşlər keçirilir. Azərbaycan Ukraynadakı səfirliyi ilə kitabxana arasında sıx dostluq münasibətləri mövcuddur.

Sonra səfir Elmira Axundova kitabxananın fəaliyyəti ilə yaxından tanış olub. Bildirilib ki, kitabxanada Azərbaycanın tanınmış yazıçı, şair, dramaturqlarının, o cümlədən Elmira Axundovanın kitabları saxlanılır. Kitabxananın tərtibatında Azərbaycan və Ukraynanın tarixi, ədəbiyyatı və milli musiqisini özündə təcəssüm etdirən şəkillər təbliğ olunur.

Daha sonra çay süfrəsi arxasında Azərbaycanın Ukraynadakı səfirliyi ilə Səməd Vurğun adına kitabxana arasında gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. Görüşdə “Dmitrya Buraqo” nəşriyyatının direktoru da iştirak edib. Onu da qeyd edək ki, bu nəşriyyat səfirliyin sifarişi ilə Ukrayna dilində onlarla kitab nəşr edib və hazırda bir neçə kitab nəşrə hazırlanır. Kitabxananın müdiri Qalina Çebotaryova və nəşriyyatın direktoru Dmitri Buraqo dəfələrlə Bakıda səfərdə olublar. Bir neçə il öncə nəşr olunan kitabların bir çoxu M.F Axundzadə adına Milli Kitabxanada təqdim olunaraq Azərbaycanda hədiyyə edilib.

Arxiv üzrə axtarış