2020-09-11

Azərbaycan və Ukrayna mediasının əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan və Ukrayna ikitərəfli, çoxtərəfli görüşlərdə, o cümlədən beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

Bu fikri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukrinform-un baş direktoru Aleksandr Xarçenko ilə söhbətində deyib.

Azərbaycan və Ukrayna xalqlarının çoxəsrlik dostluq münasibətləri olduğunu xatırladan E.Axundova bildirib ki, bu gün də Bakı ilə Kiyev arasında siyasi müstəvidə tam qarşılıqlı anlaşma mövcuddur. Digər sahələrdə, ilk növbədə, iqtisadi, nəqliyyat və investisiya sahələrində ikitərəfli əməkdaşlığı dərinləşdirmək üçün isə mövcud potensialdan tam istifadə edilmir. Bu istiqamətlərdə istifadə olunmamış potensialların reallaşdırılması üçün birgə layihələr həyata keçirilməlidir.

Səfir, həmçinin iki ölkənin media qurumları arasında əməkdaşlığın perspektivindən söz açıb. “AZƏRTAC və Ukrinform arasında tərəfdaşlıq əlaqələri son illər daha da inkişaf etməkdədir. Sizin rəhbərlik etdiyiniz agentlik Azərbaycanın haqlı mövqeyini daim ədalətli şəkildə işıqlandırır. Ukrayna mətbuatında Azərbaycanla bağlı həqiqətlərin işıqlandırılması bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir”, - deyə səfir əlavə edib.

E.Axundova görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, regionda son vəziyyət, Ermənistanın silahlandırılması, Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşdırılma siyasətinin aparılması barədə ətraflı məlumat verib.

Öz növbəsində, Ukrinform-un baş direktoru azərbaycanlı həmkarı Aslan Aslanova səmimi salamlarını yetirməyi səfirdən xahiş edib. A.Xarçenko deyib ki, Azərbaycan və Ukrayna həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edir. Bu mövqe bütün sahələrdə özünü göstərir. Hər iki ölkənin media qurumları arasında da səmimi münasibətlər və səmərəli əməkdaşlıq mövcuddur. Ukrinform maraqlı layihələrə açıqdır və təklif olunan layihələri dəyərləndirməyə hazırdır.

“Ukrayna üçün mühüm tərəfdaş olan Azərbaycanın uğurlarına çox sevinirik. Əminəm ki, Ukrinform və AZƏRTAC arasında getdikcə dərinləşən əməkdaşlıq xalqlarımızın və ölkələrimizin münasibətlərinin inkişafına yeni töhfələr verəcək”, - deyə A.Xarçenko vurğulayıb.

Arxiv üzrə axtarış