2020-09-28

Ukrayna XİN Ermənistanın hərbi təxribatı barədə məlumatlandırılıb

Səfir Elmira Axundova Ermənistanın hərbi təxribatı ilə bağlı yaranan vəziyyət barədə Ukrayna Xarici İşlər Nazirliyini məlumatlandırıb.

Səfir Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar ilə görüşündə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhəyanı ərazilərdə yaşayan mülki vətəndaşları və obyektləri qəsdən və hədəflənmiş şəkildə atəşə tutduğunu bildirib. Qeyd edib ki, mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

E.Axundova bildirib ki, Prezident İlham Əliyev çıxışlarında beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq edib.

“Ukrayna həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını açıqca bəyan edir. Biz bu mövqeyə görə rəsmi Kiyevə təşəkkür edirik. Azərbaycana qarşı 30 ildir ki, müharibə aparılır. Beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır”, - deyə səfir əlavə edib.

V.Bodnar öz növbəsində son hadisələrlə bağlı prosesi diqqətlə izlədiklərini, Ukraynanın beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair dəfələrlə bəyanatla çıxış etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Arxiv üzrə axtarış