2020-10-02

“Ukraina-24” telekanalının tamaşaçıları Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Ukraina-24” telekanalının xəbərlər proqramının canlı efirində Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin ordusunun Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi, Silahlı Qüvvələrimizin uğurlu əks-həmləsi barədə geniş məlumat verib.

Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Ukrayna dövlətinə təşəkkürünü bildirən F.Muradov Ermənistan ordusunun Azərbaycan ərazisində genişmiqyaslı təxribatlar törətdiyini qeyd edib. Bildirib ki, bu təxribatlar nəticəsində Azərbaycanın mülki şəxsləri, hərbçiləri arasında onlarla insan həlak olub. Sözsüz ki, beynəlxalq ictimaiyyət Ermənistanın 30 ilə yaxındır apardığı işğalçılıq, zorakılıq siyasətini görməli və qiymətləndirməlidir.

“Azərbaycan ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri çərçivəsində həlli üçün danışıqlarda iştirak edib. Azərbaycanın mövqeyi ondan ibarət olub ki, Ermənistan ordusu işğal etdiyi ərazilərimizdən qeyri-şərtsiz çıxmalıdır və problem ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini tapmalıdır. Lakin Ermənistan BMT-nin qəbul etdiyi qətnamələrə, son illər ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı əldə etdiyi heç bir prinsip və razılaşmaya məhəl qoymayıb. Son aylarda isə Qarabağın Ermənistan ərazisi olduğunu bəyan edib. Ona görə də danışıqlar masasında müzakirə etməyə mövzu qalmayıb. Bu gün isə Ermənistan Azərbaycanın mülki əhalisini qorxutmaq siyasəti yürüdür, münaqişənin həllinə üçüncü, hətta dördüncü tərəfləri cəlb etmək istəyir”, - deyə Komitə sədri əlavə edib.

F.Muradov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri hədəf götürməyib, yalnız Ermənistan ordusunun təxribatlarına cavab verir.

“Bu gün Ermənistan tərəfindən terrorçuların, muzdluların döyüşməsi barədə kifayət qədər dəlillər var”, - deyə komitə sədri vurğulayıb.

Arxiv üzrə axtarış