2020-10-01

Ermənistan ASALA, PKK və digər təşkilatların terrorçularını Qarabağdakı döyüşlərə cəlb edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdiyi bəyanatlarda birmənalı şəkildə bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir, ərazi bütövlüyünü bərpa edir. Danışıqlar o halda bərpa edilə bilər ki, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 4 qətnaməsinin tələbləri icra olunsun və Ermənistan ordusu Azərbaycanın işğal altında olan ərazilərindən tamamilə çıxarılsın, ərazi bütövlüyümüz bərpa edilsin. Azərbaycan üçün danışıqların başqa şərti qalmayıb.

Bu sözləri ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova bu fikirlərini “Ukraina-24” telekanalının xəbərlər proqramının canlı efirində söyləyib.

Səfir bildirib ki, Ermənistan ordusunun təxribatı nəticəsində azərbaycanlı mülki şəxslər arasında itkilər var. Bu itkilərin sayı hər gün artır, çünki Ermənistan ordusu Azərbaycanın mülki obyektlərini, evləri hədəf götürür.

Jurnalistin cəbhədə son vəziyyətə dair sualını cavablandıran Elmira Axundova qeyd edib ki, Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarını uğurla davam etdirir. Ermənistan tərəfdən xarici muzdlu hərbçilərin döyüşdüyünü vurğulayan səfir bildirib ki, bununla bağlı kifayət qədər faktlar mövcuddur.

“Ermənistan nəinki bu gün, birinci Qarabağ savaşında da terrorçulardan və xaricdən gətirilən muzdlu hərbçilərdən istifadə edib. Bu gün də onlar ASALA, PKK və digər təşkilatların terrorçularını döyüşlərə cəlb ediblər. Bununla bağlı kifayət qədər videokadrlar mövcuddur. Ona görə də Azərbaycanda təkcə öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsi getmir, biz, həmçinin antiterror əməliyyatları həyata keçiririk”, - deyə səfir əlavə edib.

  
 
 

Arxiv üzrə axtarış