2021-03-31

31 mart soyqırımı qurbanlarının xatirəsi Ukraynada da anılıb

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin bir sıra məscidlərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kütləvi qırğının qurbanlarının xatirəsi anılıb.

Ukrayna məscidlərində keçirilən anım tədbirləri “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb, dualar edilib. Arzu edilib ki, bütün dünyada müsəlman qardaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşasın.

Daha sonra 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlikdə anım tədbiri keçirilib. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova hadisələri tarixi aspektdən təhlil edib. Qeyd edib ki, azərbaycanlılara qarşı soyqırımı hadisələrinin bir daha baş verməməsi üçün hadisələr düzgün araşdırılmalıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini daha yaxşı öyrənmək imkanı əldə edilib, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxıb, təhrif edilmiş hadisələr aşkarlıq müstəvisində daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və heç vaxt tarixi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub.

Arxiv üzrə axtarış