2021-05-27

Kiyevdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyinə həsr edilmiş konsert təşkil olunub

Kiyevdə Ukrayna Milli Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü illiyinə həsr edilmiş tədbir - konsert təşkil olunub.

Azərbaycanın Ukraynadakı səfirliyinin iştirakı və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə keçirilən “Dostluğun dialoqu: Ukrayna-Azərbaycan” adlı konsertdə səfir Elmira Axundova, Kiyev şəhər meri Vitali Kliçko, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı səfirləri, diaspor üzvləri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV-lər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir E.Axundova bildirib ki, Azərbaycanın əlamətdar tarixi münasibətilə təşkil olunan konsert ölkəmizlə Ukrayna arasında mədəni əlaqələrin yüksək olduğunun göstəricisidir. Hər iki ölkə arasında səmimi və dost münasibətlərin olduğunu vurğulayan səfir bildirib ki, xalqlarımız arasında mədəni körpünün tarixi kökü var. Bu gün də bu tarixi əlaqələr bütün sahələr üzrə inkişaf edir.

Sonra Vitali Kliçko çıxış edərək, Bakını çox sevdiyini dilə gətirib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xoş xatirə kimi xatırlayan mer bildirib ki, bu gün çox gözəlləşən Bakının təcrübəsindən yararlanaraq Kiyevin inkişafı üçün tətbiq edilir. Vitali Kliçko buna misal üçün Kiyevdə yaradılan Dövlət Bayraq Meydanını qeyd edib. Kiyev şəhər meri, həmçinin paytaxtda güclü Azərbaycan diasporunun fəaliyyətini də xüsusi qeyd edib.

Daha sonra UABD sədri Hikmət Cavadov tədbirin əhəmiyyətindən danışaraq Respublika Günü münasibətilə təbrikini çatdırıb.

Konsert zamanı Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Kiyevskaya Kamerata” Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının, o cümlədən Qara Qarayev, Fikrət Adıgözəlov, Yevgeni Stankoviç, Bela Bartokun əsərləri təqdim olunub. Konsert zamanı tarzən Orxan Zeynalovun solo çıxışı da diqqətlə izlənilib.

Konsert tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Arxiv üzrə axtarış