2021-05-31

Xarkov və Dnepr şəhərlərində 28 May - Respublika Gününə həsr edilmiş konsert təşkil olunub

Ukraynanın Xarkov və Dnepr şəhərlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilmiş tədbir-konsert təşkil olunub.

Azərbaycanın Ukraynadakı səfirliyinin, Xarkovdakı fəxri konsulluğunun və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının birgə keçirdikləri “Dostluğun dialoqu: Ukrayna-Azərbaycan” adlı konsertlərdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Kiyevskaya Kamerata” Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının, o cümlədən Qara Qarayev, Fikrət Adıgözəlov, Yevgeni Stankoviç, Bela Bartokun əsərləri səsləndirilib. Konsert zamanı tarzən Orxan Zeynalovun çıxışı da maraqla qarşılanıb.

Xarkovdakı konsertdən əvvəl Azərbaycanın bu şəhərdəki fəxri konsulu Əfqan Salmanov, səfirliyinin ikinci katibi Samir Allahverdiyev, Xarkovun vitse-qubernatoru Roman Semenuxa və şəhərin vitse-meri Svetlana Qorbunova-Ruban çıxış ediblər.

Çıxışçılar Azərbaycanın Respublika Gününün tarixindən, belə tədbirlərin mədəni əlaqələr üçün əhəmiyyətindən, ümumiyyətlə, Azərbaycan-Ukrayna münasibətlərinin son zamanlar daha da inkişaf etməsindən danışıblar.

Dneprdə keçirilən konsertdən əvvəl çıxış edən səfir Elmira Axundova bildirib ki, Azərbaycanın bu əlamətdar tarixi münasibətilə təşkil olunan konsert ölkəmizlə Ukrayna arasında mədəni əlaqələrin yüksək olmasının göstəricisidir. Səfir qeyd edib ki, bu cür konsertlərin məqsədi Azərbaycanın milli musiqisinin Ukraynada təbliğidir. Səfir E.Axundova vurğulayıb ki, Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, hər iki dövlət strateji tərəfdaşdır.

Sonra çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, BUAK-ın sədri Rövşən Tağıyev Respublika gününün tarixindən, Azərbaycanın milli musiqisinin təbliğinin vacibliyindən danışıblar.

Hər iki konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Arxiv üzrə axtarış