2021-07-08

Vətən müharibəsində Azərbaycanın haqlı mübarizəsini işıqlandıran ukraynalı jurnalistlər mükafatlandırılıb

44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mübarizəsini geniş işıqlandıran, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran ukraynalı jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib.

Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Ukraynanın ümummilli telekanal və informasiya agentlikləri - “Ukrayna”, “5 kanal”, “İnter”, “UA-Perşiy”, “1+1”, “ATR” telekanallarının əməkdaşları, “Ukrinform” informasiya agentliyi, “Qordon” internet nəşri, “Podrobnosti” xəbər portalı, “İkinci Qarabağ” və "Qarabağın dirçəliş vaxtı" sənədli filmlərinin müəllifləri mükafatlandırılıb.

Tədbiri giriş sözü ilə açan səfirliyin ikinci katibi Samir Allahverdiyev ilk öncə Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Tədbirdə çıxış edən səfir Elmira Axundova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalda olan ərazilərimizi azad etməyə başladıqdan bu yana Ukrayna mətbuatı operativ, qərəzsiz məlumatlar yayıb. Bəzi jurnalistlər müharibə zamanı, ondan sonrakı dövrdə Azərbaycanın işğaldan azad olunan ərazilərində, o cümlədən Şuşada olublar, xüsusi reportajlar hazırlayıblar. Səfir bildirib ki, bu məlumatlar və reportajlar hesabına Ukrayna cəmiyyəti real mənzərənin şahidi olub.

Tədbir iştirakçıları “İkinci Qarabağ” və "Qarabağın dirçəliş vaxtı" sənədli filmlərinə baxdıqdan sonra Ukraynanın 20 jurnalisti mükafatlandırılıb. Mükafatlandırma zamanı çıxış edən ukraynalı jurnalistlər Azərbaycanın işğaldan azad olunan ərazilərində gördüklərindən, orada aparılan quruculuq və bərpa işlərindən danışıblar.

Arxiv üzrə axtarış