2017-10-28

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən konsert Kiyevin ən məşhur mədəniyyət ocağında – Akademik Milli Opera və Balet Teatrında keçirilib.

“Sən mənim nəğməmsən” adlı konsertdən əvvəl Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov çıxış edərək xalqımızın görkəmli oğlu Müslüm Maqomayevin xatirə gecəsinə gələn hər kəsə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, “Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkəmizdə, eləcə də xarici dövlətlərdə səfirliklərimizin təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilir. Kiyevdə və Ukraynanın digər şəhərlərində keçirilən silsilə tədbirlər də bu qəbildəndir.

V.Süleymanov qeyd edib ki, Müslüm Maqomayev parlaq yaradıcılığı ilə Ukraynada milyonlarla tamaşaçı qəlbini fəth edib. Bu cür tədbirlər onu sevənlərə həm də bir hədiyyədir.

Sonra Ukraynanın Xalq Artisti Vladimir Qrişko və Azərbaycanın tanınmış gənc müğənnisi Vaqif Nağıyev səhnəyə çıxıblar. Hər iki müğənni Ukrayna milli orkestrinin müşayiəti ilə M.Maqomayevin repertuarından onlarca mahnı ifa ediblər. Tamaşaçılar böyük sənətkarın xatirəsinə hörmət əlaməti olaraq, səsləndirilən əsərləri ayaqüstündə dinləyiblər.

Arxiv üzrə axtarış