2018-05-01

Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Bu gün Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimində səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Azərbaycan diasporunun fəalları, gənclər və media təmsilçiləri iştirak edib.

Tədbirə qatılanlar ilk öncə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Anım mərasimində Azerbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkşafında misilsiz xidmətləri olub. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim obrazı canlanır. Səfir İrpen şəhərində görkəmli elm xadiminin adını daşıyan istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirib.

Tədbirdə İrpen şəhərinin merinin müavini Dmitriy Xristyok, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko və digər şəxslər çıxış edərək, akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs ediblər. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayıblar.

Sonra akademikin adını daşıyan 12 saylı orta məktəbin şagirdlərinin ifasında akademik Zərifə Əliyeva haqqında şerlər səsləndirilib.

Anım tədbirinin sonunda Azərbaycan və Ukrayna arasında dosluğun bariz nümunəsi kimi səmaya hər iki ölkənin dövlət bayraqları rəngində şarlar buraxılıb.

Arxiv üzrə axtarış