2018-05-22

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Kiyevdə təntənəli şəkildə qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi qəbul keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən qəbulda Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Ukrayna Ali Radasının deputatları, xarici ölkələrin Ukraynadakı diplomatik korpusların rəhbərləri, tanınmış iş adamları, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxışında 1918-ci ildə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən danışıb. Qeyd edib ki, müstəqilliyimizin dünya miqyasında tanınması sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi tarixi uğurlardandır.

“Ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmiz Ulu Öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçib. Ulu Öndərimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, deyə A.Xudiyev çıxışında vurğulayıb.

Səfir nitqində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən də bəhs edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı təbriklərini çatdıran Ukraynanın Baş nazirinin birinci müavini S.Kubiv isə ilk öncə İlham Əliyevin Azərbaycanın yenidən prezident seçilməsi münasibətilə dövlətimizə xoş sözlərini ifadə edib.

İki ölkə arasında iqtisadi əməkdaşlığın artdığını deyən S.Kubiv qeyd edib ki, Azərbaycan iş adamlarının Ukraynada əlverişli fəaliyyəti üçün komfort şərait yaradılıb.

“2017-ci ildə Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsinə görə, MDB ölkələri arasında dördüncü yeri tutublar. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artıb”, deyə Baş nazirin birinci müavini vurğulayıb.

S.Kubiv bildirib ki, iki ölkə arasındakı əlaqələr xüsusi yer tutmaqla yanaşı, regionda sülh və sabitlik üçün mühüm amilə çevrilib.

Sonra tədbir Azərbaycan və Ukraynanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə davam edib. “Qafqaz” rəqs qrupunun rəngarəng çıxışları, Ukraynanın əkiz bacıları Anna və Mariyanın “Sarı gəlin” və digər ifaları, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın həzin, ritmik ifası, digər ifaçıların çıxışı qonaqlar tərəfindən böyük hərarətlə qarşılanıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı rəsmi qəbul atəşfəşanlıqla başa çatıb.

Arxiv üzrə axtarış