2019-05-17

Ukraynalı tələbələrə Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı mühazirə oxunub

Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev tələbələr qarşısında mühazirə söyləyib.

Səfir qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır.

Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsinə ümid bəsləyir. Dünya ictimaiyyəti Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin birdəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməlidir.

“Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıq şəkildə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq”, səfir əlavə edib.

Diplomat vurğulayıb ki, 25 ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsi zamanında ədalətli şəkildə həll olunsaydı, indi dünyada, o cümlədən Ukraynada yeni münaqişə ocaqları yaranmazdı. Xəzər regionunda sabitliyin bərqərar olmaması Qara dəniz hövzəsinə də təsirini göstərir.

A.Xudiyev daha sonra mühazirəsində ölkəmizin milli təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlər, diplomatik fəaliyyətimizin uğurları, təhlükəsizlik mühitinin formalaşması və s. barədə məlumat verib. Mühazirə tələbələrin suallarının cavablandırılması ilə davam etdirilib.

 

Arxiv üzrə axtarış