2020-05-27

Ukrayna Ali Radasının mətbu orqanında 28 May - Respublika Gününə həsr olunmuş məqalə dərc edilib

Ukrayna Ali Radasının rəsmi mətbu orqanı olan “Qolos Ukraini” qəzetində Azərbaycanın milli bayramı – Respublika Gününə həsr edilmiş “Müstəqillik hüququ” sərlövhəli məqalə dərc edilib.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti, tarix elmləri namizədi Oleq Kupçikin müəllifi olduğu məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də qurulduğu və cəmi 23 ay yaşadığı qeyd edilib.

Müəllif yazıb ki, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin (parlamentinin) iclasında Heydər Əliyevin sədrliyi ilə respublikanın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edildi (“Sovet sosialist” sözləri silindi), həmçinin Azərbaycan Demokratik Respublikasının himni və bayrağı geri qaytarıldı. Bütün bunlar SSRİ məkanında və Azərbaycanda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş üzvünün etdiyi inqilabi dəyişikliklər kimi qəbul olundu. Bunun nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlətçiliyini bərpa etdi və dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.

Qeyd olunur ki, Azərbaycan ziyalılarının parlaq nümayəndələri olan və Moskva, Sankt-Peterburq, Kiyev, Varşavanın ən nüfuzlu universitetlərində mükəmməl təhsil alan Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digərləri kiçik ölkələri üçün böyük gələcək arzusunda idilər. Onlar düşündüklərinin çoxunu həyata keçirdilər. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi demokratik respublika oldu. Bakı Dövlət Universitetinin açılması, qadınlara səsvermə hüquqlarının verilməsi, müstəqil parlamentin, Azərbaycan Milli Ordusunun yaradılması, yüzdən çox istedadlı gəncin Avropaya təhsil almağa göndərilməsi, dövlət dilinin Azərbaycan dili elan edilməsi AXC qurucularının nailiyyətləri idi. Təəssüf ki, ilk müstəqil respublikanın mövcudluğu 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı nəticəsində sona çatdı.

Bildirilir ki, bu gün Azərbaycan Cənubi Qafqazda dövlət müstəqilliyinin ən uğurlu modelini nümayiş etdirir. Beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan son illərdə böyük inkişaf yolu keçib.

Qeyd olunur ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədəki şərait heç də ürəkaçan deyildi: Qarabağda müharibə gedir, torpaqların işğalı bir milyona yaxın insanın qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuşdu. Lakin 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə vəziyyəti kökündən dəyişdi. Ulu Öndərin yorulmaz səyləri nəticəsində Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, Qarabağda atəşkəs əldə edildi, hüquqi, siyasi və iqtisadi islahatlar sayəsində güclü hakimiyyət formalaşdırıldı.

Sonrakı illərdə Azərbaycan Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat, sosial, informasiya-kommunikasiya texnologiyaları sahələrində mühüm nailiyyətlər qazandı, respublikanın dövlət müstəqilliyinin dönməzliyini təmin etdi.

Məqalədə, həmçinin Azərbaycan-Ukrayna münasibətlərindən də bəhs olunub.

Arxiv üzrə axtarış