2020-06-10

Səfir: Azərbaycan məhsulları Ukrayna bazarında daha geniş yayılmalı və çoxçeşidli məhsullar satılmalıdır

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ölkəmizin Ukraynadakı Ticarət Evinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, səfir Ticarət Evi vasitəsilə Ukraynaya gətirilən Azərbaycanın müxtəlif növ çeşidləri ilə tanış olduqdan sonra əldə olunan uğurlar, mövcud problemlər, “Made in Azerbaijan” brendinin Ukraynada daha geniş şəkildə yayılması kimi məsələlər müzakirə edilib. E.Axundova bildirib ki, son illər Prezident İlham Əliyevin Azərbaycanda sahibkarlığın və qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə istehsal olunan müxtəlif çeşidli milli məhsulların xarici bazarlara çıxarılması üçün geniş imkanlar yaradıb.

“Milli məhsullarımızın Ukrayna bazarına daxil olması üçün müəyyən nəticələr əldə olunub, lakin düşünürəm ki, Azərbaycan məhsulları bazarı daha geniş əhatə etməli və çoxçeşidli məhsullar satılmalıdır. Eyni zamanda, Ukrayna şirkətlərinin Azərbaycana investisiya yatırımının artırılması üçün müvafiq işlər görülməlidir. Bu işdə Azərbaycan Ticarət Evinin üzərinə böyük yük və məsuliyyət düşür. Bu istiqamətdə Azərbaycan dövləti də lazımi yardımları göstərməyə hazırdır”, - deyə səfir əlavə edib.

Azərbaycan Ticarət Evi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı, şərab və digər yerli məhsulların Ukrayna bazarına çıxarılması üçün monitorinq və menecment fəaliyyətini davam etdirdiyini deyən Ticarət Evinin rəhbəri Daşqın Əhmədov səfirə məlumat verib ki, milli məhsullarımızın Ukrayna bazarında satışı üçün müvafiq hüquqi sənədlər tam hazırdır. Azərbaycanda istehsal olunan şərab məhsullarının Ukraynaya gətirilməsi üçün sözügedən ölkənin müvafiq qurumlarından pərakəndə və topdan satış lisenziyası alınıb. Ticarət Evi Ukraynanın bir sıra market şəbəkələrində yerli məhsullarımızın satışını təmin etmək üçün razılaşmalar əldə edib. Lakin bu işdə Azərbaycanın müvafiq qurumları, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə koordinasiyalı işlər daha da gücləndirilməlidir. Azərbaycan şirkətlərinin məhsullarının Ukrayna bazarına gətirilməsi üçün qarşıya çıxan problemlər operativ həllini tapmalıdır.

Müzakirələrin sonunda səfir E.Axundova Azərbaycan Ticarət Evinin rəhbərliyinin qaldırdığı problemlər və tövsiyələrin Azərbaycanın müvafiq qurumlarına çatdırılacağını vurğulayıb, bu istiqamətdə fəaliyyətin daha effektli, geniş şəkildə davam etdirilməsi üçün yeni bir konsepsiyanın vacibliyini söyləyib.

 

Arxiv üzrə axtarış