2020-08-28

Kiyevdə Pavel Movçanın həyat və yaradıcılığında Azərbaycan süjetlərinə həsr edilmiş tədbir keçirilib

Ukrayna Milli Yazıçılar İttifaqında görkəmli ukraynalı şair, tərcüməçi, Taraş Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı, Ukraynanın dövlət xadimi, Taraş Şevçenko adına Ümumukrayna “Prosvita” cəmiyyətinin sədri Pavel Movçanın həyat və yaradıcılığında Azərbaycan süjetlərinə həsr edilmiş tədbir keçirilib.

Tədbirin təşkilatçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk və Ümumukrayna “Prosvita” cəmiyyətidir.

Görüşdə çıxış edən Pavel Movçan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə tanış olması, Azərbaycanın görkəmli şairləri ilə dostluğu, azərbaycanlı müəlliflərin əsərlərinin tərcüməsi üzərində işi barədə söhbət açıb.

Pavel Mixayloviç xatirələrini bölüşərək deyib: “Mən Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri – dövlət və mədəniyyət xadimləri ilə ünsiyyətdə olmuşam. Heydər Əliyev həqiqətən epoxal miqyaslı, hərtərəfli savadlı və yüksək erudisiyalı insan idi. Yadımdadır, 1985-ci ildə Bakıda bir ədəbi tədbir keçirildi. Mən Nəsiminin əsərlərinin Ukrayna dilinə tərcümələrini oxuyandan sonra Heydər Əliyev mənə yaxınlaşdı və Nəsiminin şeirlərini yaxşı tərcümə etdiyimi bildirərək, buna görə mənə təşəkkür etdi. Sonra bizim ayrıca görüşümüz oldu. Heydər Əliyev mənim nə arzu etdiyimi soruşanda dedim ki, Hələbdə Nəsiminin məzarını ziyarət etmək istərdim, lakin o dövrdə mənim xaricə getməyimə qadağa qoyulmuşdu. Buna baxmayaraq, tezliklə Hələb səfəri baş tutdu və biz orada Nəsiminin 10-dan çox məzarını tapdıq...”.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukrayna-Azərbaycan ədəbi əməkdaşlığını inkişaf etdirməyin vacibliyi və bu əməkdaşlıqda tərcüməçilərin dəyərli rolu barədə söhbət açaraq vurğuladı ki, tərcüməçilər Ukrayna və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə kömək edirlər. Xanım səfir ötən əsrin 70-80-ci illərində Yazıçılar İttifaqında işlədiyini qeyd edərək bildirdi ki, o dövrdə Pavel Movçanın və onun həmkarlarının Bakıda keçirilən ədəbi forumlara gəlməsini yaxşı xatırlayır.

E.Axundova Pavel Mixayloviçə onun azərbaycanlı həmkarları – Yazıçılar Birliyinin rəhbəri Anarın və Fikrət Qocanın ən xoş arzularını çatdırdı. Səfir vurğuladı ki, Azərbaycanda Pavel Movçanı sevir, ona hörmət edir və rəğbət bəsləyirlər.

Tədbirin təşkilatçısı Marina Qonçaruk qeyd etdi ki, Ukrayna sakinləri Ukrayna-Azərbaycan əlaqələrinin əvvəllər az məlum olan səhifələri barədə daha çox məlumat əldə etmələri üçün bu cür görüşlər müntəzəm keçiriləcək.

Tədbirdə Yazıçılar Evinin direktoru, şair və jurnalist Nina Şavarskaya, professor, tarix elmləri doktoru Fərhad Turanlı, akademik, professor Arif Quliyev, filologiya elmləri doktoru, professor Nikolay Vaskiv, Ukraynanın sabiq xalq deputatı Yaroslav Kendzer və başqaları da çıxış etdilər.

Pavel Movçan İmadəddin Nəsiminin əsərlərinin Ukrayna dilinə tərcüməsi və nəşri layihəsində iştirak etdiyinə görə ona Azərbaycan Dövlət Tərcümə Mərkəzinin diplomu təqdim edildi.

Qeyd etmək lazımdır ki, Pavel Movçan İmadəddin Nəsiminin, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Fikrək Qoca, Nəbi Xəzri, Fikrət Sadıq, Şəkər Aslan, Vaqif Nəsib, İsa İsmayılzadə, Süleyman Rüstəm və bir çox başqa Azərbaycan şairlərinin əsərlərini Ukrayna dilinə tərcümə edib.

Arxiv üzrə axtarış