2020-10-02

Ukrayna telekanalında Ermənistanın təxribatçı əməllərindən danışılıb

Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov “Ukraina-24” telekanalının xəbərlər proqramının canlı efirində Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin ordusunun Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi, Silahlı Qüvvələrimizin uğurlu əks-həmləsi barədə geniş məlumat verib.

A.Əzimov, ilk növbədə, Ukrayna dövlətinə, hökumətinə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozublar, danışıqlar 30 ildir nəticəsiz qalıb.

Nazir müavini vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycanın ərazi bütövlüyün tanıyır və Ermənistan ordusunun işğal etdiyi ərazilərdən dərhal çıxarılmasını tələb edir. ATƏT-in Minsk qrupu formatında həmsədrlər dəfələrlə münaqişənin həllinə çalışsa da, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Bundan əlavə, Ermənistan bu müddətdə Azərbaycanın işğal altında olan ərazilərdə silahlanıb, süni məskunlaşdırma aparıb, terrorçu və muzdluları yerləşdirib.

Ermənistan bu müddətdə həm siyasi, həm də hərbi təxribatlar törədib. Sonuncu hərbi təxribatı Azərbaycan sərhədində Tovuz istiqamətində törətdilər. Bütün bunlar onu göstərdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

A.Əzimov Türkiyə hərbçilərinin Azərbaycanda iştirakı barədə Ermənistanın iddiasını təkzib edib və bildirib ki, Ermənistan tərəfindən Yaxın Şərqdən terrorçu təşkilatların hərbçiləri iştirak edir.

Arxiv üzrə axtarış