Azərbaycan və Ukrayna arasında tarixi münasibətlərə dair onlayn elmi konfrans keçirilib
Bu strateji əməkdaşlıq Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tərəfindən uğurla davam etdirilir.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski isə çıxışında qeyd edib ki, iki ölkə arasında çox sıx tarixi və siyasi əlaqələr mövcuddur. Yüz il keçməsinə baxmayaraq Ukrayna və Azərbaycan yenə birgə uğurlu tarix yazmaqda davam edir. Bu gün də iki ölkə arasında dost, qarşılıqlı dəstək, anlaşma münasibətləri mövcuddur. Bunun nəticəsidir ki, Ukraynanın rəsmi dövlət sənədində Azərbaycan strateji tərəfdaş ölkə kimi qeyd olunub. Azərbaycan Cənubi Qafqaz bölgəsində Ukraynanın ən vacib tərəfdaş ölkəsidir. Məhz buna görə Ukrayna Prezidenti Vladimir Zelenskinin bu regiona etdiyi yeganə rəsmi səfər hələ Azərbaycandır.
Səfir Ukrayna və Azərbaycan arasında dost, qardaş münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan və Ukrayna arasında tarixi əlaqələrdən danışan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, belə konfransların təşkili iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcək.
“Biz Ukraynanın Azərbaycana verdiyi dəyəri yüksək qiymətləndiririk. Azərbaycan Ukraynanı tərəfdaş ölkə kimi görür. Bundan sonra da iki ölkə arasında birgə enerji, iqtisadi, sosial və siyasi layihələr həyata keçiriləcək”, - deyə Fariz İsmayılzadə əlavə edib.
Daha sonra konfransda tarixçi-alimlər Oleq Kupçik, İlqar Niftəliyev, İradə Bağırova, Aleksandr Dudnik, Vladimir Omelçuk və digərləri Azərbaycan-Ukrayna tarixinə dair geniş məruzə ilə çıxış ediblər.
Onlayn konfransın 60-dan çox iştirakçısı olub.