2021-05-10

Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ukraynada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Kiyevdə ulu öndərin adını daşıyan parkda yerləşən abidəsinin önündə tədbir keçirilib.

Tədbirdə səfir Elmira Axundova, “SOCAR Energy Ukraine” şirkətinin rəhbərliyi, diaspor rəhbərləri və fəalları, diplomatlar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndərin Kiyevdəki abidəsinin önünə tər çiçəklər düzüblər, Ümummilli Liderin əziz xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən səfir E.Axundova bildirib ki, Ukraynada yaşayan soydaşlarımız Ulu Öndərin anadan olmasının 98-ci ildönümünü fərqli ovqatda, qalib ölkənin övladları kimi qeyd edirlər. Çünki 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib. Səfirin sözlərinə görə, Heydər Əliyev Azərbaycanı müstəqilliyi itirməkdən xilas etdi, dövlətçilik yaratdı, ölkəmizin durmadan inkişafını təmin edən güclü idarəetmə sistemi formalaşdırdı.

“Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri ən yüksək qiymətə layiqdir. Bu gün Azərbaycan dinamik inkişaf edir, böyük nüfuza malikdir. Ümummilli lider Heydər Əliyevin bizə qoyduğu miras Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə səfir əlavə edib.

Tədbirdə çıxış edən Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, hüquq elmləri doktoru, akademik Arif Quliyev, Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Cəlal Hüseynov və digərləri Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıblar.

Arxiv üzrə axtarış