2021-05-10

Kiyevdə “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının Ukrayna dilinə tərcümə olunmuş birinci cildinin təqdimatı keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatının Ukrayna dilində birinci cildinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Ukrayna Ali Radasının deputatları, səfirlər, dövlət qurumlarının rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, yazıçı və publisistlər, soydaşlarımız, diaspor rəhbərləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən kitabın müəllifi səfir E.Axundova bildirib ki, roman-tədqiqatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilib. Səfir deyib ki, artıq kitab 7 dildə çap olunub.

Səfir E.Axundova çıxışında Heydər Əliyev şəxsiyyətinin təşəkkülündən, liderlərin necə yetişməsindən, Ümummilli Liderimizin fenomenini şərtləndirən xarakterik xüsusiyyətlərindən danışıb.

Daha sonra tədbirdə Azərbaycanla bağlı bir sıra kitabları, o cümlədən “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabını Ukrayna dilinə çap edən “Dmitro Buraqo” nəşriyyatının direktoru, Ukrayna Yazıçılar Birliyinin üzvü Dmitro Buraqo, filologiya elmləri doktoru, professor, tanınmış alim Viktor Britsin, Taras Şevçenko adına Milli Muzeyin Baş direktoru, yazıçı Dmitro Stus, Ukrayna Elmlər Akademiyasının Ukrayna dili İnstitutunun direktor müavini Nina Qorqolyuk, “Ədəbi Ukrayna” qəzetinin redaktoru Sergey Kulida, “Vsesvit” jurnalının Baş redaktoru Dmitriy Drozdovskiy “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı haqqında, Ulu Öndərin keçdiyi həyat yolundan danışıblar.

Tədbir Ukraynanın Xalq artisti, azərbaycanlı Qurban Abbasov, Ukrayna Milli Operasının solisti, Kiyev Milli Musiqi Akademiyasının Opera vokal kafedrasının müdiri, Xalq artisti, professor Aleksandr Dyaçenko və ukraynalı müğənnilər Natalya Kudryaşova, Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş Beynəlxalq Vokal Mahnı Müsabiqəsinin qalibi, Kiyev Opera solisti Roman Leşovun ifasında bədii hissə ilə davam edib.

Arxiv üzrə axtarış