2021-06-16

Ukraynada “Heydər Əliyev: Liderlik fenomeni” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Milli Qurtuluş Günü ilə əlaqədar Ukraynanın ali təhsil ocaqlarının tələbələri arasında keçirilən “Heydər Əliyev: Liderlik fenomeni” adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Səfirlik və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan müsabiqənin iştirakçıları, səfirliyin əməkdaşları, Ukraynanın nüfuzlu ali təhsil ocaqlarının rəhbər heyəti, əvvəlcə, Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsi önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan səfirliyin ikinci katibi Samir Allahverdiyev bildirib ki, esse müsabiqəsində iştirak edən ukraynalı tələbələrdən 200-ə yaxın məqaləsi qəbul olunub. Onlar arasında ən yaxşı 20 məqalə seçilib. İlk üçlükdə qərarlaşanlara pul mükafatları, ilk onluğa və iyirmiliyə düşənlərə isə qiymətli hədiyyələr və xatirə hədiyyələri təqdim ediləcək.

Müsabiqənin münsiflər heyətində səfir Elmira Axundova, Ukraynanın Əməkdar jurnalisti, yazıçı-publisist Viktor Vasilçuk, səfirliyin diplomatları Samir Allahverdiyev və Təranə Sadıqova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Marina Qonçaruk yer alıblar.

Sonra çıxış edən səfir E.Axundova qeyd edib ki, müasir Azərbaycanın banisi və memarı Heydər Əliyevin xalqımız qarşısında xidmətləri ən yüksək qiymətə layiqdir. Bu gün Azərbaycan dinamik inkişaf edir, dünyada böyük nüfuza malikdir. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirməkdən xilas etdi, dövlətçilik yaratdı, ölkəmizin davamlı inkişafını təmin edən güclü idarəetmə sistemi formalaşdırdı. Ümummilli lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Bu gün Ulu Öndərin ruhu şaddır, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğaldakı torpaqlarımızı azad edib”, - deyə səfir E.Axundova əlavə edib.

Səfir E.Axundovanın sözlərinə görə, essedə Ukraynanın bütün regionlarından tələbələrin iştirakı və sayı bir daha göstərdi ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bəşəri liderdir, böyük fenomendir, Onun həyatı və siyasi fəaliyyəti gənclər tərəfindən həvəslə öyrənilir. Təqdim olunan esselərin ana xətti ümummilli lider Heydər Əliyevin keçdiyi uğurlu həyat yolu, Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təcavüzkar siyasəti və erməni separatizmi olub. Səfir qeyd edib ki, gələn il 200-ə yaxın məqalənin qısa formasına istinadla Ukraynada Heydər Əliyevin fenomenliyi haqqında kitabın nəşri nəzərdə tutulur.

Ulu Öndərin həyat və fəaliyyətinə dair sənədli filmə baxdıqdan sonra çıxış edənlər - T.Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Anton Nananov, Ukraynanın Əməkdar jurnalisti, yazıçı-publisist Viktor Vasilçuk, “Vsesvit” jurnalının Baş redaktoru Dmitriy Drozdovskiy, “Ədəbi Ukrayna” qəzetinin redaktoru Sergey Kulida, Ukrayna Milli İncəsənət Akademiyasının Beynəlxalq elmi əlaqələr üzrə şöbə müdiri Lesya Smirna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Marina Qonçaruk bu cür müsabiqələrin əhəmiyyətindən, Ulu Öndərin keçdiyi həyat yolundan danışıblar.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci və ikinci yerə T.Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri Polina Orlova və Emiliya Məmişova, 3-cü yerə Xarkov Milli Daxili İşlər Universitetinin tələbəsi Anastasiya Limarenko və Qərbi Ukrayna Milli Universitetinin tələbəsi Maryana Kurilo layiq görülüblər.

 

Arxiv üzrə axtarış