2021-06-30

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi münasibətilə Kiyevdə tədbir keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 ili münasibətilə Ukraynanın paytaxtı Kiyevdə tədbir keçirilib.

Səfir Elmira Axundova, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı Hərbi attaşe aparatı, xarici ölkələrin Ukraynadakı səfirliyinin hərbi attaşeləri, səfirliyin diplomatları, Birinci Qarabağ müharibəsi iştirakçıları, SOCAR-ın Ukraynadakı nümayəndəliyi, diaspor rəhbərləri əvvəlcə, Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsi önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin oxunması ilə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı Hərbi attaşesi polkovnik İlqar Agayev çıxış edərək bildirib ki, Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu, hər birimizi sevindirir və qürurlandırır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi.

Sonra çıxış edən səfir E.Axundova bildirib ki, bu gün Silahlı Qüvvələri Gününü qalib ölkə kimi qeyd etmək çox qürurvericidir.

“Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələrinin sonrakı dövrdə qorunub saxlanılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Ulu Öndərin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımız azad edilib”, - deyə səfir E.Axundova bildirib.

Daha sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov, Azərbaycanın müstəqilliyinin ilk illərində milli hərbi aviasiya kadrlarının formalaşmasında fəal iştirak edən, Birinci Qarabağ müharibəsinin iştirakçısı, keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin (HHQ) ukraynalı hərbi pilotu, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov, Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında yaxından iştirak edən ukraynalı ehtiyatda olan polkovnik-leytenant Yuri Polevoy, diaspor fəalları Əbülfəz Qasımov və Şeyx Şakir Yəhyayev çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin uğurları və inkişafı haqqında danışıblar.

Arxiv üzrə axtarış