2021-11-07

Ukrayna telekanallarında Azərbaycanın Vətən müharibəsi ilə bağlı reportajlar yayımlanıb

Səfir Elmira Axundova bu ölkənin nüfuzlu telekanallarına və “beyin mərkəzi”nə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi, işğaldan azad olunan ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparılması barədə geniş müsahibə verib.

Səfir E.Axundova “Rada” və “UA: Perşiy” telekanalları, “Ukrayna prizması” beyin mərkəzinə verdiyi müsahibələrində işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdiyi vandal hərəkətləri barədə ətraflı danışıb. Səfir E.Axundova qeyd edib ki, həmin ərazilərdə bütün tikililər, tarixi, dini və mədəni abidələr məhv edilib, 67 məsciddən 65-i tam dağıdılıb. Bütün ərazilər minalanıb.

“Azərbaycanın işğal olunmuş ərazilərdə böyük layihələr həyata keçirilir. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı açılıb, magistral yollar çəkilib, məktəblərin, yolların, kənd və qəsəbələrin salınması işləri uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərinin bərpa işlərinə bəzi ölkələrin şirkətləri sərmayə yatırır. İnanıram ki, yaxın vaxtlarda Ukrayna da həmin ərazilərin bərpa işlərində iştirak edəcək”, - deyə səfir E.Axundova bildirib.

Səfir E.Axundova vurğulayıb ki, Azərbaycan Qarabağ probleminin həllinə qədər siyasi, iqtisadi, sosial və hərbi gücünü artırdı, beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Azərbaycan başa düşdü ki, siyasi və iqtisadi güc olmadan hərbi uğurlar qazanmaq mümkün deyil.

“Qələbəmizin daha bir əsas səbəblərindən biri də Azərbaycanın güclü liderinin olmasıdır. Xalqın lideri ətrafında birləşməsidir. Azərbaycan xalqı 44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək ancaq irəli getməyi istədi. Azərbaycan xalqı vahid şəkildə yalnız torpaqlarımızın işğaldan azad olunmasını istəyirdi”, - deyə səfir E.Axundova müsahibələrində əlavə edib.

Səfir E.Axundova, həmçinin qeyd edib ki, bu gün Azərbaycan Qafqazda sülhün bərqərar olması üçün sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış edir. Ermənistana sülh sazişinin imzalanması təklifini verib.

Arxiv üzrə axtarış