2023-02-28

Xarici İşlər Nazirliyində Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

27 fevral 2023-cü il tarixində Xarici İşlər Nazirliyində Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq  münasibətlərinin inkişaf perspektivləri, müxtəlif fəaliyyət sahələri üzrə münasibətlərin daha da genişləndirilməsi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə, iki ölkə arasında beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin inkişafında mövcud siyasi dialoqun mühüm rol oynadığı vurğulanıb. Azərbaycan və Ukrayna arasında əlaqələrin genişlənməsində Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Ukrayna, o cümlədən Ukrayna Ali Radasında fəaliyyət göstərən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qruplarının fəaliyyətləri yüksək qiymətləndirilib.

Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, həmçinin qarşı tərəfi regionda sülh gündəliyinin həyata keçirilməsi və Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə ətraflı məlumatlandırıb. 

Dostluq qrupunun rəhbəri Vladimir Kreydenko öz növbəsində Azərbaycan tərəfinin mövqeyinə və göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış