2023-12-14

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti keçirilib

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ukrayna Milli Simfonik Orkestrinin klassik musiqi çıxışına Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov dirijorluq edib.

Konsertdə Ukrayna mədəniyyət və informasiya siyasəti naziri vəzifəsini icra edən Rostislav Karandeyev, Ukrayna Milli Polisinin rəisi İvan Vıqovskiy, Ukrayna Prezidentinin Krımdakı nümayəndəsi Tamila Taşeva, energetika, maliyyə, daxili işlər nazirlərinin müavinləri, Ali Radanın deputatları, universitet rektorları, xarici ölkələrin səfirləri, Ukraynada akkreditə edilmiş diplomatik korpusun, Ukraynada fəaliyyət göstərən Azərbaycan dövlət şirkətlərinin nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri və fəalları, elm adamlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən bu ölkədəki səfirimiz Seymur Mərdəliyev bildirib ki, Heydər Əliyev tarixə Ukraynanın böyük dostu, Azərbaycan ilə Ukrayna arasında dostluğun və strateji tərəfdaşlığın banisi kimi düşüb. Heydər Əliyev hadisələrlə zəngin siyasi fəaliyyəti boyu həmişə Ukraynanın yanında olub. Təsadüfi deyil ki, bugünkü konsert bu heyrətamiz salonda keçirilir, çünki Ukrayna Milli Filarmoniyasının bərpası üçün vəsaitin toplanmasına məhz Heydər Əliyev kömək etmişdir.

Səfir vurğulayıb ki, Heydər Əliyev irsinə əsaslanan iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Şübhəsiz ki, Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək idi. Onun bu arzusu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə gerçəkləşdi”, - deyə diplomat əlavə edib.

Konsertdə Azərbaycanın və Ukraynanın görkəmli bəstəkarlarının əsərləri səslənib.

Konsert tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış