2024-02-26

Xocalıda törədilmiş soyqırımın 32-ci ildönümü tamam olur.

Bu gün, 26 fevral tarixində, Ermənistanın Azərbaycana qarşı otuz il ərzində davam etmiş təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 32-ci ildönümü tamam olur.

Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl 7000-dən çox əhalinin yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqırımına məruz qalması olmuşdur. Ermənistanın işğal siyasəti çərçivəsində Xocalı soyqırımından əvvəl Bağanis Ayrım, Qaradağlı, Meşəli, Kərkicahan, Malıbəyli və Qaradağlı kimi yaşayış məntəqələrində azərbaycanlı əhali qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmiş və onlara qarşı qırğınlar törədilmişdir.

1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdi. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür.

Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmuşdur. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlanan cinayət idi və sadəcə etnik mənsubiyyətinə görə insanların kütləvi qətlinə yönəlmişdir.

Təəssüf ki, beynəlxalq içtimaiyyətin ikili standartlardan çıxış etməsinin nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırım olduğunu dilinə gətirmək istəmir. Təsəvvür etmək çətindir ki, Xocalı soyqırımı XX əsrin sonunda dünyanın gözü qarşısında və lageytsizliyi əsnasında baş vermişdir. Əgər vaxtında Xocalı soyqırımına lazımi hüquqi qiymət verilsəydi, bəlkə də daha sonrakı soyqırımlar baş verməzdi. Heç vaxt unudulmamlıdır ki, cəzasızlıq həmişə yeni qətliyamlar və soyqırımlara şərait yaradır.

Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul ediblər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımını kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul etmişlər.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar. Lakin bu günədək, Ermənistanda Xocalı faciəsi və digər bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayət əməllərinin törədilməsində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib 

Öz təqsirini etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”.

Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması və onlara qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsi Ermənistan tərəfindən 2020-ci ildə İkinci Qarabağ Müharibəsi müddətində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirilmişdir. Döyüş əməliyyatlarının getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistan, 1992-ci ildə olduğu kimi 2020-ci ildə də eyni qəbildən olan terror taktikasına əl atmışdır və bu dəfə artıq müasir növ zirehli silahlar və raket qurğularından istifadə edərək çoxsaylı dinc azərbaycanlının qətlə yetirilməsinə səbəb oldu. İstər 1992-ci il Xocalı soyqırımı, istərsə də 2020-ci ildə mülki əhalinin bombardmanı Ermənistanın Azərbaycanlılara qarşı apardığı məqsədyönlü zorakılıq siyasətini aşkarcasına nümayiş etdirir.

2023-cü ilin sentyabrında Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük lokal xarakterli anti-terror tədbirləri nəticəsində Xocalı şəhəri otuz il davam etmiş işğaldan azad edilmişdir. Xocalının azad olunması cəzasızlığın son quyulmasında mühüm addım olsa da, ədalətin bərqərar olması baxımından Azərbaycan xalqı və xüsusilə Xocalı qurbanları üçün yetərli hesab oluna bilməz. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması və layiqli cəzalarının alması gözlədiyimiz ədaləti yalnız təmin edəcəkdir.

Cənubi Qafqazda sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan regionda davamlı sülh və sabitliyin bərqərar olunması və ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə  Ermənistanla sülh prosesinə sadiqdir. Bununla belə, hesab edirik ki, post münaqişə dövründə Azərbaycan və Ermənistan arasında barışığın olması üçün ilk növbədə ədalətin, o cümlədən Xocalı soyqırımının qurbanları üçün ədalətin bərqərar olması zəruridir. Ermənistan bu qara ləkəni silmək üçün törədilən soyqırımı qəbul etməli və bununla bağlı üzr istəməlidir.

 

 

Arxiv üzrə axtarış