2024-04-08

Səfir Seymur Mərdəliyev Lvov vilayətinə işgüzar səfər etmişdir

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Lvov vilayətinə  işgüzar səfəri etmişdir. Səfər çərçivəsində S.Mərdəliyev Lvov Vilayət Dövlət Administrasiyası, Lvov və Truskoves şəhər şuralarının rəhbərləri ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlər barədə müzakirələr aparmışdır. Rəsmi görüşlərdə mövcud şəraitdə mümkün əməkdaşlıq təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılmış, razılıqlar əldə edilmişdir. Ukrayna rəsmiləri Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirmiş və təşəkkür ifadə etmişdirlər. 

Səfər çərçivəsində “Birlikdə güclüyük” şüarlı poçt markasının möhürlənməsi baş tutmuşdur. Mərasimdə S.Mərdəliyev, Qərb regionunda “Ukrpoşta" SC-nin direktoru Yevgeni Savçuk, "Zaxidnadraservis" Şirkətlər Qrupunun baş direktoru Stepan Kozitski və ictimai fəal Yuri Kotik Azərbaycan-Ukrayna dostluğuna həsr olunaraq cəmi min ədəd buraxılmış markanı möhürləyərək təqdim etmişdirlər.

Səfər zamanı S.Mərdəliyev Lvov vilayətində yaşayan Azərbaycan icması və diaspora təşkilatlarının  nümayəndələri ilə görüşmüşdür. Görüşdə səfir Azərbaycan dövlətinin diasporumuza verdiyi əhəmiyyət və qayğı, diaspor təşkilatlarının fəaliyyətlərinin məhsuldar və faydalı olmaları üçün tövsiyələr barədə danışmış, həmvətənlərimizin təklif və ricalarını dinləmiş, qarşılıqlı fikir mübadiləsi aparmışdır. Lvov vilayətində diasporamızın sağlam inkişaf etdiyi, fəaliyyətinin məhsuldar olduğu qeyd edilmiş, pandemiya və müharibə çətinliklərinə baxmayaraq keçirilmiş tədbir və təşəbbüslər barədə məlumat dinlənilmişdir. Görüşdə həmçinin Lvovda Azərbaycan məktəbinin yaradılması, Qərbi Ukraynada yaşayan soydaşlarımıza  konsulluq xidmətlərinin asanlaşdırılması, sənədlərinin hazırlanması və digər aktual məsələlər də müzakirə olunmuşdur. S.Mərdəliyev müharibə şəraitində soydaşlarımızın təhlükəsizliyi məqsədilə tövsiyələrini bölüşmüş, Ramazan bayramı münasibətilə təbriklərini çatdırmışdır.

Səfər çərçivəsində səfir S.Mərdəliyev Lvov 1 saylı şəhər klinik xəstəxanasında yaradılmış Azərbaycanın dahi oftalmoloqu, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə baş çəkmiş, mərkəzin fəaliyyəti və ehtiyacları ilə tanış olmuş, Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini olmuş Sadıq bəy Ağabəyzadənin Lvovda yerləşən məzarını ziyarət etmişdir.

Arxiv üzrə axtarış