2024-12-11

Kiyevdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsinin önündə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin, GUAM, “SOCAR Energy Ukraine” şirkətinin kollektivi, Türkiyənin Ukraynadakı səfirliyinin diplomatları Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra səfirliyin Heydər Əliyev zalında anım tədbiri keçirilib. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. “Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib”, - deyə Seymur Mərdəliyev vurğulayıb.

Tədbirdə, həmçinin GUAM-ın Baş katibi Altay Əfəndiyev, “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasında rolundan danışıblar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış