2024-12-25

Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günüdür

25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır.

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

Qəza ilə əlaqədar ilk andan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür.

Bu faciəvi qəza ilə əlaqədar 26 dekabr 2024-cü il Azərbaycanda ümummilli matəm günü elan edilib. Bu dəhşətli faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 26 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyində Dövlət bayrağı yarıya qədər endiriləcəkdir.

Arxiv üzrə axtarış