2025-04-29

İrpen şəhər poliklinikasının Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmirindən sonra rəsmi açılışı olub

28 aprel 2025-ci il tarixində Kiyev vilayəti İrpin şəhərində Azərbaycan Respublikası dövlətinin dəstəyi və “SOCAR Energy Ukraine” şirkətinin icrası ilə bərpası başa çatdırılmış şəhər poliklinikasının açılışı ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdən öncə İrpində yerləşən, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə onun adını daşıyan parkda görkəmli oftalmoloqun abidəsi ziyarət edilmişdir. Gülqoyma mərasimində Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişçenko və Kiyev Vilayəti Dövlət Administrasiyasının sədri (qubernatoru) Mıkola Kalaşnikov, İrpin şəhər meri vəzifələrini icra edən Anjela Makeyeva, UNİCEF-in Ukrayna nümayəndəliyinin rəhbəri Münir Məmmədov, GUAM baş katibi Altay Əfəndiyev, Ümumdünya Səhiyyə Təşkilatının Ukrayna nümayəndəliyinin diplomatı Oqtay Gözəlov, Böyük Britaniya səfirliyinin əməkdaşlıq bölümünün rəhbəri Şeyn Maklolin, o cümlədən “SOCAR Energy Ukraine” şirkətinin icraçı direktoru Elçin Məmmədov və şirkətin heyəti, akademik Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyinin direktoru və şagird heyəti, yerli diaspor fəalları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişdirlər. Abidə önünə çiçək düzdükdən sonra “Linqvist” liseyinin şagirdləri Azərbaycan dilində şerlər səsləndirmişdirlər. 

Poliklinikanın açılışı ilə bağlı tədbirdə çıxış edən səfir Seymur Mərdəliyev bu səhiyyə müəssisəsinin bərpası istiqamətində görülmüş işlərlə bağlı məlumat vermişdir. O, Azərbaycan dövlətinin İrpində həyata keçirdiyi və planlaşdırdığı digər infrastruktur layihələri, həmçinin Ukraynaya göstərdiyi çoxşaxəli humanitar yardım təşəbbüsləri barədə danışmışdır.

Daha sonra tədbirdə iştirak edən Ukrayna Baş nazirinin müavini – icmaların və ərazilərin inkişafı naziri Oleksiy Kuleba, Kiyev vilayəti qubernatoru Mıkola Kalaşnik, Ukrayna Parlamenti spikerinin müavini Olena Kondratyuk, xarici işlər nazirinin müavini Oleksandr Mişçenko və səhiyyə nazirinin müavini İqor Kopaç çıxış edərək İrpin şəhəri və Ukraynaya göstərilən dəstəyə görə şəxsən Prezident cənab İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına minnətdarlıq bildirmiş, Azərbaycan-Ukrayna əməkdaşlığının davamlı inkişaf etdiyi və dərinləşdiyini vurğulamışdırlar. Çıxışlardan sonra qeyd olunan qonaqlar, əksəriyyəti səfir olmaqla diplomatik korpusun nümayəndələri poliklinikada aparılmış bərpa işləri ilə tanış olmuş, hava hücumundan müdafiə məqsədilə bütün tələblər nəzərə alınmaqla hazırlanmış sığınacağa baxış keçirmişdirlər.

Tədbir akademik Zərifə Əliyeva parkında “SOCAR Energy Ukraine” şirkəti tərəfindən təşkil olunmuş furşet formatında davam etmişdir. Söhbətlər zamanı qonaqlar Azərbaycanın Ukraynada həyata keçirdiyi layihələri rəğbətlə dəyərləndirmiş, diplomatik korpusun bir sıra nümayəndələri layihələrin həyata keçirilməsi prosesi ilə maraqlanmış və bənzər layihələr hazırlamağa maraq ifadə etmişdirlər.

Arxiv üzrə axtarış