Xocalı soyqırımının ildönümündə Kiyevdə müəllifin iştirakı ilə "Sonsuz dəhliz" filmi izlənmişdir
Kiyevdə Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə faciə qurbanlarının xatirəsinə həsr olunan anım gecəsi keçirilmişdir.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyevin “Jovten” kinoteatrında keçirilmiş anım gecəsində Ukrayna Ali Radasının deputatları, Xarici İşlər, Ədliyyə nazirliklərinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatlar, Krım Tatarları İcmasının rəhbərliyi, həmçinin ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının müəllim, tələbə heyətləri, Azərbaycan diaspor təşkilatlarının fəalları və yerli media nümayəndələri iştirak etmişdirlər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı kütləvi qırğın törətdikləri barədə danışmışdır. Bu qanlı gecədə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 nəfər həlak olduğu, səkkiz ailənin tamamilə məhv edildi, 25 uşağın yetim qaldığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığı diqqətə çatdırılmışdır.
Sonra çıxış edən “Sonsuz dəhliz” sənədli filminin əsas yaradıcılarından olan, Xocalı soyqırımını işıqlandıran litvalı jurnalist Riçard Lapaytis 1992-ci il fevral ayının sonu və martın əvvəlində Ağdamda gördükləri və yaşadıqları ilə bağlı xatirələrini bölüşmüşdür.
Daha sonra “Sonsuz dəhliz” filmi Ukrayna dilinə tərcümə ilə nümayiş etdirilmişdir.