2020-07-21
Kiyevdə BMT-nin nümayəndəliyi qarşısında Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatlara etiraz əlaməti olaraq Kiyevdə Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) və Kiyev Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə BMT-nin Kiyevdəki nümayəndəliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Ukrayna Ali Radasının deputatı, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “BMT: 4:0”, “Azərbaycan, biz səninləyik!” şüarları səsləndirilib.

Aksiya Azərbaycanın və Ukraynanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb.

Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən UABD sədri Hikmət Cavadov deyib ki, düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı Azərbaycan dövləti və ordusu hərbi qüdrətini bir daha nümayiş etdirdi. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hər an qadirdir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Ermənistanın işğalçı və terrorçu əməlləri qarşısında susmamalıdır. BMT Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamənin tələblərinin yerinə yetirilməsini işğalçı Ermənistandan sərt şəkildə tələb etməlidir. H.Cavadov döyüşlər zamanı Ukrayna dövlətinin göstərdiyi qətiyyətli mövqeyi yüksək qiymətləndirərək bunun iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəsi olduğunu vurğulayıb.

Ukraynada yaşayan soydaşlarımızın həmişə Azərbaycan dövlətinin yanında olduğunu deyən Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin bildirib ki, bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir. BMT nümayəndəliyi qarşısında keçirilən aksiya bu birliyin bariz nümunəsidir.

Aksiyada iştirak edən Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko qeyd edib ki, hər iki ölkə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Ukrayna bu gün də Azərbaycanın yanındadır. Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycan diasporuna təşəkkürünü bildirən deputat iki ölkə arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini vurğulayıb.

Digər çıxışlarda da Ermənistanın işğalçılıq siyasəti qəti şəkildə pislənib.

Aksiyanın sonunda ingilis dilində bəyanat qəbul edilib və üzərində 4 qətnamənin nömrələri yazılan dörd top və bəyanat BMT-nin nümayəndəliyinə təqdim olunub.

növbəti xəbər əvvəlki xəbər