2020-07-23
Dneprdə Azərbaycanın diaspor təşkilatlarının fəaliyyəti müzakirə edilib

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Dnepropetrovsk vilayətinin diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb.

Dnepr şəhərində keçirilən görüşün əsas məqsədi diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirməkdir.

Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir E.Axundova bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımların müəyyən edilməsi və bu istiqamətdə səmərəli layihələrin həyata keçirilməsi olduqca önəmlidir.

“Azərbaycan Prezidenti İlham Əliyevin əsas tövsiyələrindən biri diaspor təşkilatlarımızın koordinasiyalı, birgə fəaliyyətidir. Bu gün Ukraynada ölkə üzrə diaspor təşkilatların birgə fəaliyyətinə nail olunub. Bu praktikanın regionlarda da tətbiqi olduqca vacibdir. Bunun üçün bütün regionlarda diaspor təşkilatlarını özündə birləşdirən Koordinasiya şuraları yaradılmalıdır. İnanıram ki, bugünkü müzakirələr səmərəli olacaq və qaldırılan problemlərin həlli üçün səylər birləşdiriləcək”, - deyə E.Axundova əlavə edib.

Sonra diaspor təşkilatlarının nümayəndələrinin çıxışları və təklifləri dinlənilib. Azərbaycanlılar onları narahat edən məsələləri dilə gətirib və təkliflərini səsləndiriblər. Təkliflər sırasında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə forumunun təşkili, Ukraynada yaşayan gənc azərbaycanlıların forumunun keçirilməsi, Bakı-Dnepr-Bakı aviareysinin açılması, Azərbaycan həqiqətlərinin təbliği, onun tarixi və mədəniyyətinin tanıdılması məqsədilə muzeyin yaradılması xüsusi müzakirələrə səbəb olub.

Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını və müvafiq qərarların qəbul ediləcəyini söyləyib.

növbəti xəbər əvvəlki xəbər