2020-07-24
Xarkov Vilayət Şurasının sədri: Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayətdir

Ermənistanın dünyanın gözü qarşısında Azərbaycana qarşı işğalçılıq siyasəti davam etməkdədir. Bu günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribat, onların işğalçılıq siyasətindən əl çəkmədiklərini bir daha sübut edir.

Bu fikri Xarkov Vilayət Şurasının sədri Sergey Çernov ilə görüşündə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova söyləyib.

Səfirin sözlərinə görə, azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı zamanı Ermənistanın müdafiə naziri olmuş, bu ölkənin sabiq prezidenti Serj Sarkisyan verdiyi müsahibələrin birində qeyd edib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”.

E.Axundova vurğulayıb ki, bir çox ölkələrin parlamentləri XX əsrin ən qanlı hadisələrindən biri hesab edilən, bəşəriyyətə qarşı cinayət hesab olunan Xocalı faciəsini tanıyan sənədlər qəbul edib. “Hesab edirəm ki, Xarkov Vilayət Şurasında da Xocalı soyqırımını pisləyən sənədin qəbul edilməsi üçün müvafiq addımlar atılmalıdır”, - deyə E.Axundova əlavə edib.

S.Çernov, öz növbəsində qeyd edib ki, o, Xocalı soyqırımı ilə bağlı Xarkovda təşkil edilən tədbirlərdə iştirak edir. Şura sədri bildirib ki, Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı cinayətdir. “Ukrayna 6 ildir müharibə şəraitində yaşayır, ölkə iqtisadiyyatına ciddi ziyan dəyib. Biz müharibənin insanlara vurduğu ziyanın yaxşı anlayırıq”, - deyə S.Çernov əlavə edib. O, səfirin qaldırdığı məsələni diqqətdə saxlayacaqlarını bildirib.

Görüşdə daha sonra Azərbaycan və Ukraynanın bölgələri arasında iqtisadi, mədəni, sosial sahədə birgə layihələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Daha sonra E.Axundova yerli televiziyaya müsahibə verib.

növbəti xəbər əvvəlki xəbər