2018-03-17

Novruz bayramı münasibətilə Ukraynanın Kiyev və Dnepr şəhərlərində kütləvi tədbirlər keçirilib

Martın 18-də Dnepr şəhərinin mərkəzi meydanında təntənəli Novruz festivalı keçirilib.

Festival Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşəbbüsü ilə keçirilib.

Festivalda Dnepropetrovsk vilayətinin dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət kollektivləri, diaspor və media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Novruz bayramı ilə əlaqədar Dnepr şəhərinin meri mərkəzi meydanı Azərbaycan diasporunun müraciətinə əsasən soydaşlarımızın ixtiyarına vermişdi. Meydanda böyük səhnə quraşdırılmış, gün ərzində meydanın əsas reklam ekranlarında Novruz bayramının tarixini və Azərbaycanın dinamik inkişafını özündə əks etdirən filmlər yayımlanmışdır.

Novruzun qəhrəmanları olan Keçəl, Kosa və Bahar qızı Azərbaycanın və Ukraynanın bayraqları ilə bəzədilmiş faytonla şəhərin mərkəzi küçələrindən keçərək bayram şənliyi keçirilən meydana gəliblər. Yerli sakinlərin maraqla izlədiyi bayram şənliyinə Novruz tonqalının alovlandırılması ilə start verilib.

Tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Novruz bayramı Azərbaycan xalqının ən sevimli bayramıdır və əsrlər boyu xalqımız sevə-sevə bu bayramı qeyd edir. Bu bayram xalqımızın milli həmrəyliyini göstərir. Bizim milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Ukraynanın ən böyük sənaye mərkəzlərindən olan Dnepr şəhərində Novruzun yüksək səviyyədə keçirilməsi xalqlarımız arasındakı sarsılmaz dostluğun əyani təzahürüdür.

Bayram şənliyində Ukraynanın Xalq Artisti Qurban Abbasovun və digər milli rəqs və mahnı ansambllarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib. Soydaşlarımız gecə saatlarına qədər Novruz tonqalının ətrafında rəqs edib, şənləniblər.

Keçəllə kosanın duzlu, məzəli söhbətləri və Novruz adət-ənənələrinin nümayiş etdirilməsi ukraynalıları qədim Novruzun zənginliklər dolu nağıllar aləminə qərq edib.

Martın 20-də isə Kiyev şəhərində Novruz bayramı ilə bağlı keçirilən beynəlxalq festivalda Azərbaycan xalqının mədəniyyəti, milli mətbəxi təqdim olunub.

Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə keçirilən Novruz festivalında Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Türkiyə ilə yanaşı, Azərbaycanın stendi də nümayiş etdirilib.

Tədbirin rəsmi açılışında iştirakçı dövlətlərin səfirləri Novruz təbriklərini çatdırıblar.

Festivalda Kiyev şəhərinin sakinləri, qonaqları, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava, plov, dolma, kətə paylanılıb.

Sonra iştirakçı dövlətlərin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert keçirilib.

 

Arxiv üzrə axtarış