2021-05-28

Kiyevdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi qəbul keçirilib.

Tədbirdə Ukraynanın xarici işlər nazirinin müavini Dmitriy Senik, Ukrayna Ali Radasının deputatları, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, xarici ölkələrin Ukraynadakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, tanınmış ziyalılar, nüfuzlu ali təhsil ocaqlarının rektorları, KİV rəhbərləri, iş adamları, diaspor rəhbərləri, fəalları iştirak ediblər.

Səfir Elmira Axundova çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olub. Cümhuriyyətin yaradılması tarixi hadisə idi və ömrü uzun olmasa da, qısa müddətdə çox böyük işlər görüb. “Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk demokratik-dünyəvi respublikanı məhz Azərbaycan xalqı yaradıb”, - deyə səfir E.Axundova əlavə edib.

Səfir E.Axundova vurğulayıb ki, əgər ümummilli lider Heydər Əliyev dövlətin qurulması, millətin xilası kimi məsələləri həll etdisə, onun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizin dünya birliyində özünü təsdiqləməsinə nail oldu. “2020-ci ildə keçmiş Qarabağ münaqişəsinin 30-cu ili tamam oldu. Bütün bu uzun illər ərzində Azərbaycan ərazi bütövlüyünün bərpası üçün beynəlxalq vasitəçilərdən və strukturlardan əbəs yerə dəstək gözlədi. 2020-ci ilin payızı Azərbaycan üçün həqiqət anı oldu. Ermənistanın bir sıra təxribatlarından sonra sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başladı və müharibəni noyabrın 10-da parlaq Qələbə ilə başa çatdırdı”, - deyə səfir E.Axundova söyləyib.

Ukrayna xarici işlər nazirinin müavini D.Senik çıxışında bildirib ki, 1919-cu il fevralın 9-da Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub. O dövrdə hər iki ölkənin diplomatik korpusları fəaliyyətə başlayıb.

Azərbaycan və Ukrayna xalqları arasında tarixi münasibətlərin olduğunu deyən nazir müavini vurğulayıb ki, bu gün Azərbaycan Ukraynanın etibarlı dostu və strateji tərəfdaşıdır, iki ölkənin liderləri arasında sıx münasibətlər, əməkdaşlıq qurulub.

D.Senik, həmçinin yaxın gələcəkdə Ukraynanın Baş naziri Denis Şmıqalın Azərbaycana səfərinin planlaşdırıldığını qeyd edib, ölkələrimiz arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə isə “Bir millət, iki dövlət” şüarını səsləndirərək, Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

Sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Ukraynanın Xalq artisti Qurban Abbasov və Natalya Kudryaşova çıxış ediblər.

Arxiv üzrə axtarış