Səfirin tərcümeyi-halı

Elmira Hüseyn qızı Axundova

Elmira Hüseyn qızı Axundova 1953 il may ayının 26-da Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olmuşdur.

1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1977-1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsinin rus redaksiyasının müxbiri işləmiş, yerli və ümumittifaq televiziyası üçün reportajlar, verilişlər hazırlamışdır.

O, 1980-1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində referent, daha sonra məsləhətçi vəzifəsində çalışmış, 1983-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir. 1988-1990-cı illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı üzrə Şöbəsinin böyük elmi işçisi olmuşdur.

1991-ci ildə yazıçıların qurultayında Azərbaycan Yazıçılar Birliyinin katibi seçilmişdir. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Rəyasət heyətinin və Ağsaqqallar Şurasının üzvüdür.

Keçən əsrin 80-90-cı illərində Elmira Axundova aktiv şəkildə bədii tərcümə ilə məşğul olmuşdur. Bakı, Moskva, Kiyev, Leninqradda Elmira Axundovanın tərcüməsində azərbaycan yazıçılarının xeyli sayda kitab və nəsr topluları işıq üzü görmüşdür. Onların sırasında Elçin, Anar, İsmail Şıxlı, Vidadi Babanlı, Manaf Süleymanov və s. kimi yazarlar vardır. Eyni zamanda o, elmi işlə də məşğul olmuşdur. Filologiya üzrə fəlsəfə doktorudur (1984), “Cəlil Məmmədquluzadə realizmi və XIX əsrin sonu-XX əsrin əvvəllərində rus ədəbiyyatının təcrübəsi” monoqrafiyasının, həmçinin ali məktəblər üçün “Jurnalistika nəzəriyyəsi və KİV problemlərinin əsasları”, “Müasir dövrü nəşrin əsas janrları və tərcümə problemləri” adlı tədris vəsaitlərinin müəllifidir.

1990-cı ildən 1998-ci ilədək Elmira Axundova “Literaturnaya qazeta”nın (Rusiya) Azərbaycan üzrə müxbiri olmuş, daha sonra respublikanı digər xarici kütləvi informasiya vasitələrində - “Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “İzvestiya” - təmsil etmişdir. Təqribən 10 il müddətində (1993-2002) “Svoboda” (“Azadllıq”) radiosunun rus xidmətinin müxbiri olmuşdur. O, yerli və xarici mətbuatda dərc edilmiş yüzlərlə məqalə və oçerkin müəllifidir. Rusiya və xarici kütləvi informasiya vasitələrində müxbir kimi həyata keçirdiyi fəaliyyət Elmira Axundovanı ən çox oxunan yazarlar sırasına daxil etdi.

Elmira Axundova bədii publisistika janrında məhsuldar fəaliyyət göstərir, “Fərmanla əfv olunub...”, “Naşirin qətli”, “Həqiqət anları”, “Əlövsət Quliyev: o, tarix yazırdı”, “Bu bizik”, “Yaşamaq vaxtıdır”, “Şüşə Saray”, “Anar Məmmədxanov. Kapitanın taleyi”, “Prezidentin portreti dəyişikliklər fonunda” kimi kitabların müəllifidir. Ümummilli lider Heydər Əliyevin ilk bioqraflarından olan Elmira Axundova 10 ilini “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatın yazılmasına sərf etmişdir. 2013-ci ilin sonlarında yekunlaşmış 6 cildlik əsər həm respublikada, həm də hüdudlardan kənarda oxucu kütləsi arasında geniş rezonans doğurmuşdur. 2014–cü ildə bu əsərə görə E.Axundova Dövlət mükafatı adına layiq görülmüşdü.

Emira Axundovanın iki kitabı – “Naşirin qətli” və “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” ukrayna dilinə tərcümə olunmuşdur.

Elmira Axundovanın ssenarisi üzrə respublikada bədii tele- və kinofilmlər çəkilmişdir.

1995-ci ildən Prezident yanında Əfv Komissiyasının üzvüdür.

Elmira Axundova Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Respublika Yazıçılar Birliyinin “Nəcəf Nəcəfov” və Beynəlxalq Ədəbiyyat Fondunun “Rəsul Rza” mükafatlarına layiq görülmüşdür. 2003-cü ildə Elmira Axundova Azərbaycan publisistikasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. 2013-сi ildə Elmira Axundova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

2018-ci ilin may ayında E.Axundova “Xalq yazıçışı” fəxri ada layiq görülmüşdür.

Elmira Axundova III, IV və U çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin üzvü, Mədəniyyət Komitəsinin üzvü idi. Bir neçə il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil etmişdir. 2008-2019 illərdə respublikanı MDB Parlamentlərarası Assambleyada təmsil edirdi. Azərbaycan-Ukrayna dostluq qrupunun üzvü idi. Azərbaycan-Lüksemburq parlamentlərarası işçi qrupunun rəhbəri idi.

2 övladı və üç nəvəsi vardır.

Arxiv üzrə axtarış