Azərbaycanın Ukraynadakı səfiri bu ölkənin baş prokuroru ilə görüşüb
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin baş prokuroru Yuri Lutsenko ilə görüşüb.
Görüşdə Azər Xudiyevi Ukraynada səfir təyin edilməsi münasibətilə təbrik edən baş prokuror ölkələrimizin müstəqilliklərinin bərpasından sonra bir sıra istiqamətlərlə yanaşı, hüquq-mühafizə sahəsində də səmərəli əməkdaşlığın olduğunu bildirib, bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
A.Xudiyev son illər Azərbaycanda bir çox sahələrdə, o cümlədən hüquq-mühafizə sistemində həyata keçirilən köklü islahatlar haqqında ətraflı məlumat verib. Diplomat hər iki ölkənin Baş prokurorluqları arasında faydalı əməkdaşlığın genişləndirilməsinin, beynəlxalq terrorizmə və cinayətkarlığa qarşı birgə mübarizə aparılmasının önəmini diqqətə çatdırıb, bu istiqamətdə istintaq işinin səmərəliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Son iki ildə Ukraynada azərbaycanlı iş adamlarına qarşı həyata keçirilən sui-qəsd və cinayət hadisələrinin artmasından narahatlığını bildirən səfir Azər Xudiyev Yuri Lutsenkodan bu hadisələrin istintaqının ciddi nəzarətə götürülməsini xahiş edib. Səfir cinayət hadisələrinin üstünün açılması üçün ikitərəfli istintaq qrupunun yaradılması təklifini irəli sürüb.
Söhbət zamanı Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev 2014-cü ildən indiyədək bu ölkədə azərbaycanlılara qarşı həyata keçirilmiş cinayət hadisələri ilə bağlı konkret faktlarla məlumat verib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Konqresin ali məclisinin sədri Akif Gülməmmədov baş vermiş cinayət hadisələri barədə narahatlıqlarını ifadə edərək, Ukrayna Daxili İşlər Nazirliyinə və digər aidiyyəti orqanlara dəfələrlə rəsmi müraciət olunduğunu, lakin bununla bağlı ciddi ölçü götürülmədiyini diqqətə çatdırıblar.
Baş prokuror Yuri Lutsenko son illər bir sıra cinayətkar qruplaşmaların Ukraynada baş verən iqtisadi-siyasi böhrandan, ölkənin şərqindəki silahlı münaqişədən yararlandığını və buna qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib. Baş prokuror azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələrinin araşdırılması və bu məsələnin ciddi nəzarətə götürülməsi üçün prokurorluğun görüşdə iştirak edən operativ istintaq qrupuna ciddi tapşırıqlar verib.
Azərbaycanın baş prokuroru Zakir Qaralov tərəfindən rəsmi səfərə dəvət olunduğunu diqqətə çatdıran Yuri Lutsenko Ukraynada azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələrinin üstü açıldıqdan sonra Bakıya səfər edəcəyini vurğulayıb, cinayətkarların tezliklə yaxalanacağına əminliyini bildirib.
Görüşdə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin möhkəmləndirilməsi və birgə istintaq qrupunun yaradılması məsələləri müzakirə olunub.