Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin Ukraynaya rəsmi səfəri baş tutmuşdur.
Səfər çərçivəsində rəsmi nümayəndə heyəti ilə Ukrayna dövlət başçısı Petro Poroşenko, baş nazir Volodimir Qroysman, baş nazirin birinci müavini Stepan Kubiv, aqrar siyasət və qida naziri Taras Kutovoy və infrastruktur naziri Volodimir Omelyan arasında görüşlər keçirilmişdir.
Azərbaycan nümayəndə heyəti Ukrayna dövlət başçısı Petro Poroşenko tərəfindən qəbul edilmişdir. Görüş zamanı tərəflər ticarət-iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsini davam etməyə hazır olduğunu bildirmişdir. Ukrayna dövlət başçısı iki ölkə arasında mövcud əlaqələri yüksək qiymətləndirərək, münasibətlərin inkişaf etməsində iki ölkənin dövlət başçıları arasında ikitərəfli kontaktların fəallaşmasının rolunu vurğulamışdır.
Ukrayna dövlət başçısı Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində Azərbaycan tərəfindən Ukrayna göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, Ukrayna tərəfindən də Azərbaycan Respublikasının ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpa edilməsi ilə bağlı Ukraynanın dəstəyinin dəyişməz olduğunu bir daha təsdiq etmişdir. İqtisadi əlaqələrin müzakirəsi zamanı P.Poroşenko, 2017-ci ildə Kiyevdə Azərbaycan-Ukrayna birgə hökumətlərarası komissiyanın növbəti 12-ci iclasının keçirilməsinin vacibliyini qeyd etmişdir. O, gəmiqayırma, təyyarəqayırma, əczaçılıq və kənd təsərrüfatı sahələrində ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirmişdir. Həmçinin Azərbaycan tərəfinin Ukraynada Azərbaycan Ticarət Evinin açılması məsələsi P.Poroşenko ilə də müzakirə edilmiş və müqabil tərəf bu təklifi yüksək qiymətləndirmişdir. Eyni zamanda, Ukrayna tərəfi də Bakıda Ukrayna Ticarət Evinin yaradılması təklifini irəli sürmüşdür. Bununla yanaşı Ukraynada müştərək neft emalı zavodunun açılması müzakirə edilmiş, sözügedən zavodun açılmasının Azərbaycanın Ukraynaya neft tədarükünü artıracağı qeyd edilmişdir.
Görüşün sonunda, P.Poroşenko Azərbaycana 2016-cı ilin iyul ayında həyata keçirilmiş son səfərini xatırlayaraq, sözügedən səfərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində oynadığı mühüm rolu vurğulamış və Azərbaycan dövlət başçısı İlham Əliyevə ən səmimi salamlarının çatdırılmasını xahiş etmişdir.
Ukrayna dövlət başçısı həmçinin, Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı ona ən xoş arzularını və səmimi təbriklərinin çatdırılmasını xahiş etmişdir. P.Poroşenko, M.Əliyevanın Azərbaycanın xaricdə tanıdılmasına, eləcə də ölkədə bir çox sosial layihələrdə aktiv rol oynadığına bələd olduğunu da əlavə etmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin Ukrayna baş naziri Volodimir Qroysman tərəfindən qəbul edilmişdir. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qarşılıqlı əməkdaşlığa əsaslandığını, əlaqələrin inkişafında Azərbaycan və Ukrayna dövlət başçılarının siyasi iradəsinin önəmini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulamışdır. Həmçinin, ölkələrimizin BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi qeyd edilmişdir.
Ş.Mustafayev qeyd etmişdir ki, ölkələrimiz arasında imzalanmış strateji əməkdaşlıq haqqında bəyannamə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır. İqtisadi baxımdan Azərbaycan və Ukraynanın hazırda sənaye, kənd təsərrüfatı və tranzit sahələrində əməkdaşlıq etdiyi qeyd olunmuşdur. Bununla belə, maşınqayırma, kimya sənayesi, metallurgiya, kənd təsərrüfatı məhsullarının emalı və qida sənayesi, əczaçılıq, tikinti materiallarının istehsalı sahələrində əlaqələrin genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanmışdır. Nazir, Ukrayna iş adamları üçün Azərbaycanda yaradılan sənaye parkları və aqroparklarda iştirak etmək imkanlarının mövcud olduğunu bildirmişdir. Görüşdə həmçinin, Azərbaycanın böyük tranzit potensialı qeyd edilərək, bu sahədə əlaqələrin genişləndirilməsi imkanları diqqətə çatdırılmışdır. Ş.Mustafayev bildirmişdir ki, ölkəmiz Ukraynada Azərbaycan Ticarət Evinin yaradılmasında maraqlıdır və səfər çərçivəsində Ukraynanın aidiyyəti qurumları ilə bu barədə danışıqlar aparılacaq.
Ukraynanın Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirən Ukraynanın Baş naziri, ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulamışdır. Görüşün sonunda Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Səfər zamanı Ukrayna aqrar siyasəti və qida naziri Taras Kutovoy ilə keçirilmiş görüş zamanı Azərbaycan və Ukrayna arasında aqrar sahədə əlaqələr, eləcə də kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi, Azərbaycanda yaradılan aqroparklara investisiya qoyuluşu sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Ş.Mustafayev Azərbaycanın bir sıra rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etdiyini və onların emalını genişləndiyini bildirərək, fındıq, meyvə və tərəvəz, xüsusilə də xurma, çay, şərab, üzüm, tütün, pambıq lifi kimi Azərbaycan məhsullarının Ukraynaya ixrac imkanlarını diqqətə çatdırmışdır. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə Azərbaycan və Ukraynanın kənd təsərrüfatı sahəsində gördüyü işlər, tətbiq olunan yeniliklər, ixrac imkanları barədə müzakirələr aparılmışdır.
Həmin gün Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin dəstəyi, AZPROMO və Ukraynanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə “Azərbaycan-Ukrayna” Biznes Forumu keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfi sənaye, kənd təsərrüfatı, maliyyə, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı ilə təmsil olunmuşdur.
Biznes Forumun açılış hissəsində iştirak və çıxış edən Ş.Mustafayev, ölkələrimiz arasında müvafiq müqavilə-hüquq bazasının yaradıldığını və indiyədək 130-a yaxın sənədin imzalandığını vurğulamışdır. Həmçinin qeyd edilmişdir ki, hazırda Azərbaycanda Ukrayna kapitallı 116 şirkət fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə geniş məlumat verən nazir, Ukrayna iş adamlarını Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət etmişdir. Həmçinin bildirilmişdir ki, kənd təsərrüfatı, sənaye, ticarət sahələrində də əməkdaşlıq imkanları genişdir. Nazir, Azərbaycanda əczaçılıq sahəsi üzrə ixtisaslaşmış sənaye parkında investorlar üçün əlverişli şəraitin yaradıldığını qeyd edərək, bu sahədə Ukrayna ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırmışdır.
Biznes Forumda həmçinin Ukraynanın infrastruktur nazirinin müavini Viktor Dovqan, Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadiy Çijikov və Ukrayna-Azərbaycan Sahibkarlar və Sənayeçilər Birliyinin sədri Əli Əliyev çıxış edərək, iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışmışdır.
Həmçinin, AZPROMO və Ukraynanın Ticarət və Sənaye Palatası tərəfindən Azərbaycanın investisiya mühiti və ölkəmizdə işgüzar imkanlara, Ukraynanın iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair təqdimatlar keçirilmişdir. Biznes Forumun sonunda AZPROMO və Ukraynanın Ticarət və Sənaye Palatası, həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ukraynanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmış, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Ukraynanın infrastruktur naziri Volodimir Omelyan arasında görüş keçirilmişdir. V.Omelyan Azərbaycanın yol tikintisi sahəsində ixtisaslaşmış şirkətlərin Ukraynada fəaliyyətində maraqlı olduğunu qeyd edərək, artıq yol inşası ilə məşğul olan Azərbaycan şirkətlərinin Ukraynada uğurlu fəaliyyətinin şahidi olduğunu vurğulamışdır. O, Azərbaycan şirkətlərinin beynəlxalq təşkilatların maliyyə dəstəyi, habelə Ukrayna dövlət büdcəsindən maliyyələşdirilən layihələrin həyata keçirilməsində iştirak edə biləcəyini qeyd etmişdir. Görüşdə həmçinin dəmir və avtomobil nəqliyyatı, eləcə də dənizçilik sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edilmişdir. Bununla yanaşı, V.Omelyan rəhbərlik etdiyi qurum üçün iki ölkə arasında tranzit daşımaların həcminin artırılmasının prioritet təşkil etdiyini bildirmişdir. Azərbaycan nümayəndə heyəti Ukrayna tərəfinin fikirləri ilə razılaşaraq, beynəlxalq nəqliyyatın bir çox istiqaməti üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini, o cümlədən Ukraynanın Şimal-Cənub və Qərb-Cənub nəqliyyat dəhlizləri çərçivəsində ölkəmizlə əməkdaşlıq etmək imkanlarından bəhs etmişdir. Bu baxımdan Azərbaycanın əsas əlaqələndiricilərdən birinin olduğu qeyd edilərək, hər iki ölkənin iştirakı ilə həyata keçirilən beynəlxalq marşrutların rahat, etibarlı olması və yükdaşımada rəqabətqabiliyyətliyinin artırılması üçün birgə səylərin aparılmasının vacibliyi vurğulanmışdır. Bu xüsusda, müqabil tərəf sözügedən nəqliyyat dəhlizlərinin Ukraynanın da maraq dairəsində olduğunu qeyd edərək, Ukraynanın Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin tikintisində iştirak etməyə hazır olduğunu bildirmişdir.
Bununla yanaşı, görüş zamanı “SOCAR Energy Ukraine” şirkətinin Ukraynadakı fəaliyyəti müqabil tərəfdən yüksək qiymətləndirilərək, sözügedən şirkətin Ukrayna müştərilərinə yüksək səviyyəli məhsul və xidmətlər təklif etdiyi vurğulanmışdır. Bu səbəbdən Ukrayna tərəfi “SOCAR Energy Ukraine” şirkətini Ukraynada keçirilən tenderlərdə, o cümlədən aviasiya yanacağı üzrə Ukrayna hava limanları tərəfindən keçirilən tenderlərdə daha fəal iştirak etməyə çağırmışdır. Bununla yanaşı sözügedən şirkət “Çernomorsk dəniz ticarət limanı” dövlət müəssisində fəaliyyət göstərməyə dəvət edilmişdir.
Həmin gün Azərbaycan nümayəndə heyəti Ukrayna baş nazirin birinci müavini Stepan Kubiv tərəfindən də qəbul edilmişdir. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən Ukraynada Azərbaycan Ticarət Evinin yaradılması məsələsi müzakirə edilmişdir. Sözügedən Ticarət Evinin yalnız Azərbaycanın Ukraynaya ixracının artırılması məqsədi daşıyacağı deyil, eyni zamanda Azərbaycan sərmayələrinin Ukrayna iqtisadiyyatına yatırılma imkanlarını araşdıracağı Ş.Mustafayev tərəfindən qeyd edilmişdir. Müqabil tərəf Azərbaycan tərəfinin sözügedən təklifini yüksək qiymətləndirərək, bu sahədə konkret addımların atılması və lazımi dəstəyin göstərilməsinə hazır olduğunu bildirmişdir.
Rəsmi nümayəndə heyətinin tərkibinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, sözügedən nazirliyin digər məsul şəxsləri, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Xaliq Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, AzPromo-nun prezidenti Rüfət Məmmədov, “Azərbaycan İnvestisiya Şirkəti”nin direktoru Rövşən Nəcəf və “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov daxil olmuşdur. Rəsmi nümayəndə heyəti ilə yanaşı, səfər çərçivəsində təşkil edilmiş “Azərbaycan-Ukrayna” Biznes Forumuna 40-dan artıq Azərbaycan şirkətinin nümayəndəsi də qatılmışdır.