Azərbaycan kapitalını cəlb etmək üçün Ukrayna öz qanunlarını liberallaşdırmalıdır
Ukraynanın Xarkov şəhərində “İnnovasiya, sərmayə: Xarkov təşəbbüsü” adlı beynəlxalq iqtisadiyyat forumu keçirilib.
Forumda 20-yə yaxın ölkənin Ukraynadakı səfirləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq forumda çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bildirib ki, Azərbaycanın separatizmə məruz qalması, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkənin investisiya mühitinə təsir edir.
A.Xudiyev deyib ki, separatizm iqtisadi inkişafa mənfi təsir edir. Ona görə də beynəlxalq maliyyə qurumları işğalçılıq siyasəti yürüdən Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir.
Azərbaycanda sağlam investisiya mühitinin yaradıldığını vurğulayan səfir bildirib ki, ölkəmiz xarici investorların cəlbində maraqlıdır və onların fəaliyyəti üçün beynəlxalq standartlar tətbiq edilir.
“Azərbaycan şirkətlərinin Ukraynaya investisiya cəlbini artırmaq üçün ölkə qanunları liberallaşdırılmalıdır. Azərbaycan Ukrayna ilə birgə şirkətlərin yaradılmasında maraqlıdır” deyə A.Xudiyev çıxışında qeyd edib.