Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə etdi, Ukraynanın Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin bu münasibətlərin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər ölkələrimizin müvafiq strukturları arasında əlaqələrin, xüsusilə iqtisadi-ticarət, investisiya sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi işinə təkan verdi. Dövlətimizin başçısı bildirdi ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.
Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirən Prezident İlham Əliyev beynəlxalq strukturlarda da fəal əməkdaşlığın həyata keçirildiyini dedi.
Dövlətimizin başçısı nəqliyyat sahəsində də əməkdaşlığın önəmini qeyd edərək, bu gün Ukraynadan Asiyaya göndərilən yüklərin bir hissəsinin Azərbaycandan keçdiyini vurğuladı və dəmir yolu strukturları arasında beynəlxalq formatda fəal əməkdaşlığın aparıldığını dedi.
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Prezident Petro Poroşenkonun salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırdı. İqtisadi əməkdaşlığa toxunan Pavlo Klimkin son yarım ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artığını vurğuladı. Ukraynanın xarici işlər naziri yüksək səviyyədə keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. O, Azərbaycan Prezidentinin Ukraynaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirdi.
Dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.