Azərbaycan mədəniyyəti, milli mətbəxi Kiyev şəhərində keçirilən beynəlxalq festivalda təqdim olunub
Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə “Outlook world culture festival” adlı beynəlxalq tədbirin rəsmi açılış mərasimi olub. Beynəlxalq festivalda Azərbaycan xalqının mədəniyyəti, milli mətbəxi təqdim olunub.
Tədbirdə 40-dan çox ölkə ilə yanaşı Azərbaycanın stendi də nümayiş etdirilib. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev tədbir çərçivəsində digər səfirlərlə birgə “Azerbaijan” adlı yazını simvolik ağacdan asıb. Səfir gələn qonaqlara Azərbaycan mədəniyyəti, onun tarixi, milli mətbəximi haqqında geniş məlumat verib. A.Xudiyev, həmçinin Ukraynanın tanınmış 1+1, 2+2 və digər telekanallara Azərbaycan haqqında müsahibə verib.
Tədbirdə Kiyev sakinləri, qonaqları, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava paylanılıb.
Qeyd edək ki, bu festival ənənəvi olaraq hər il keçirilir. Tədbirin məqsədi dünya mədəniyyətini, tarixini təbliğ etməkdir. Bu, sayca dördüncü festivaldır. Festivalın ilk günü maraq çox böyük olduğundan, uzun növbə yaranıb.