2017-12-14

Azərbaycan və Ukrayna birgə vaqon istehsalı üçün danışıqlara başlayıb

Azərbaycan və Ukrayna birgə vaqon istehsalı üçün Bakıda müəssisənin yaradılması üçün danışıqlara başlayıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 14-də Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə Ukraynanın tanınmış Kryukov vaqonqayırma zavodunun rəhbərliyi ilə görüşü keçirilib.

Görüşdə zavodun direktor müavini İqor Manaenkov bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında aktiv iştirak edir. Bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətinin işə düşməsi ilə Azərbaycan Avropa ilə Asiya arasında geniş bir dəhliz açmış oldu. Eyni zamanda Azərbaycan metro sahəsində də güclü inkişaf edir. Bu baxımdan Azərbaycanda yeni sərnişin və yük vaqonlarının istehsalına zəruriyyət yaranıb. Manaenkov bu işdə Azərbaycana dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Səfir A.Xudiyev öz növbəsində bildirib ki, Ukrayna Azərbaycan üçün əlverişli tərəfdaşdır. Səfir birgə müəssisənin yaradılması üçün Ukrayna tərəfinin təkliflər paketinin hazırlamasının vacibliyini vurğulayıb və qeyd edib ki, Azərbaycan tərəfi təklifləri nəzərdən keçirtdikdən sonra Ukraynadan işçi qrupu ölkəmizə səfər edə bilər.

“Azərbaycan istehsal olunan vaqonları Asiya bazarına, o cümlədən İran və Türkiyə bazarına çıxara bilər. Bu baxımdan vaqon istehsalı üçün birgə müəssisənin yaradılması perspektivli görünür”, deyə A.Xudiyev əlavə edib.

Qeyd edək ki, Kryukov vaqonqayırma zavodu bir neçə növdə yük və sərnişin vaqonları istehsal edir və bu məhsullar bir çox ölkələrə ixrac olunur.

Arxiv üzrə axtarış