2018-04-16

İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbə kompüter dəstləri hədiyyə edilib

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbə kompüter dəstləri hədiyyə edilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gerçəkləşən yardımla bağlı orta məktəbə baxış keçirilib.

Tədbir iştirakçıları əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər düzüb, əziz xatirəsini dərin hörmətlə yad ediblər.

Məktəbin informatika otağına baxış zamanı Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur bəxş edən akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. İrpen şəhərində görkəmli elm fədaisinin adını daşıyan istirahət parkının, mərkəzi küçənin və orta məktəbin Azərbaycan ilə Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirən diplomat səfirlik tərəfindən bu məktəbə yardımların davamlı olacağını vurğulayıb.

Göstərdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirən İrpen şəhərinin meri Vladimir Karplyuk deyib ki, bu orta məktəb həmişə Azərbaycan dövlətinin dəstəyini, qayğısını hiss edib. Vurğulayıb ki, müasir kompüter dəstləri orta məktəbdə informasiya, texnologiya tədrisinin keyfiyyətinə böyük təsir edəcək.

Orta məktəbin direktoru Valentina Antonenko göstərilən dəstəyə görə səfirə və Qorxmaz Paşayeva minnətdarlığını bildirib, Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayıb, belə bir şəxsiyyətin adını daşıyan orta məktəbin direktoru olmasından qürur hissi keçirdiyini qeyd edib.

“Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anası olub. Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycan ilə yanaşı, Ukraynada da böyük ehtiramla yad olunur”, - deyə V.Antonenko bildirib.

Sonra tədbir iştirakçıları məktəbdəki Zərifə Əliyeva Muzeyi ilə tanış olublar. Xatirə muzeyində akademik Zərifə Əliyevanın zəngin həyatını və səmərəli elmi fəaliyyətini əks etdirən fotokompozisiya tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Arxiv üzrə axtarış